ATV telekanalında yayımlanan "Zaurla Günaydın" verilişinin qonağı olan xalq artistləri Niyaməddin Musayev və Flora Kərimova gözlənilməz hərəkətləri ilə gündəmə gəliblər. Mahnı oxuduğu vaxt N. Musayev Flora Kərimovaya yaxınlaşaraq onu dodağından öpüb.
Bu barədə OLAY-a açıqlama verən sənətçi gülməkdən özünü saxlaya bilməyib. Kərimova bildirib ki, bu, təsadüfən baş verib:
“Niyaməddin müəllim o qədər təmiz, sadə insandır ki... Onun addımını və hərəkətlərini yozmaq günahdır. Məni bu imtahana çəkməyin, gülməkdən başqa əlimdən bir şey gəlmir. O öpüşdən sonra günüm-güzəranım yoxdur. Elə zəng edirlər. Nə deyim? Nə yozum? Allah yuxarıdan baxır. Bəlkə elə oturub ki, hədəf dodağım olub (gülür). Bu yazıq gərək dursun, çönsün, qollarını açsın ki, dodağı dodağıma dəyməsin. Oturub çöndü öpdü, elə oldu ki, pozası düşdü dodağımın üstünə (gülür). Əgər mənə zəng edirlərsə, indi o kişini bezdiriblər. Məni qarğış yiyəsi etdiniz. İndi deyir ki, daş düşəydi o günə, gəldim oturdum sənin yanında. Bu da böhtan deyil ki, üzünə durasan, deyəsən düşünərək etdin, ya da mənə düşmənsən. Amma o qədər təmiz insandır ki, ağlından keçməz”.
Niyaməddin Musayev isə bu haqda qeyd edib ki, Allah bilir, həmişə xalqıma hörmətim böyük olub. İnsanlar mənim şəxsiyyətimi, sənətimi sevirlər. Əxlaqlı adamam. Ayıb deyil, belə şeylər edirlər bunlar? Burda nə oldu ki? Təsadüfdən dönəndə elə bir variant alınıb. Mənim günahım nədir? Bilsəydim belə olacaq, Flora xanıma kənardan yaponlar kimi əlimi sinəmə qoyub salam verərdim.
Ümumiyyətlə, bu mövzunu bu qədər böyüdərək gündəm etmək nə dərəcədə düzgündür?
Sualımızı cavablandıran İctima Nəzarət Komissiyasının baş katibi, Yeni Yazarlar və Sənədçilər İctimai Birliyinin sədri, yazıçı və kulturoloq Aydın Xan Əbilov "Sherg.az"a bildirib ki, son vaxtlar insanlar hər şeydən bir amma çıxartmağı xoşlayırlar:
"Bu da müəyyən ictimai gərginliyə gətirib çıxarır. Bizim mental dəyərlərə görə, əvvəllər qadın və kişi toyu ayrı olurdu. Rəqslərdə isə nəinki, əks cinslə təmasa heç birlikdə oynamağa icazə verilmirdi. Amma 20- ci əsr çox şeyi dəyişdi. İndiki dövrdə qadın və kişilər birlikdə çalışırlar, əl ilə salamlaşırlar. Toylarda, xoş məclislərdə birgə rəqs edirlər. Heç kim də buna pis baxmır. Amma nədənsə, tanınmış səxslər belə etdikdə onların üzərinə düşürlər. Xalq artistləri Flora xanım və Niyamməddin bəy illərin dostudur. Onlar daima bir-biri ilə mehriban görüşüblər. Ola bilsin ki, gənclik illəri yadlarına düşüb. İndiki gənclər görüşərkən öpüşürlər. Ona görə də bu görüş səhnəsi normal bir hal kimi qəbul edilməlidir. Hər ikisi Azərbaycan musiqi sənətində kifayyət qədər mühüm rol oynayan şəxsiyyətlərdir. Onların hər bir jesti, sözü istər-istəməz müzakirəyə səbəb olur. Nəinki, tanınmış insanların, hətta bir çox sənət adamlarının vaxtı ilə görüşən zaman çox quru, uzaqdan-uzağa əl uzatmaqları geridə qalıb. Keçmişdə valideynlərimiz belə bizi qucaqlamaqdan çəkinirdilər. Ancaq sonradan gördülər ki, öpüş, sevgi, münasibət intim mənada deyil, xoş ovqat yaratmaq və sevgimizi bildirmək üçün lazımdır".