Telefonla danışıq mədəniyyətini öyrənməliyik - Sosioloq

Bu iş təkcə valideynlərlə bitmir

  Bakıda Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib.
 Kürdəmir sakini, 2004-cü il təvəllüdlü Asəf Yusifov (şərti) Xətai rayonu ərazisində polis tərəfindən saxlanılıb. İttihama əsasən, o, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə və söyüşlə danışarkən saxlanılıb. Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib.
Barəsində Xətai RPİ-nin 34-cü Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilən tələbə məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib.
Qeyd edək ki, küçədə və digər ictimai yerlərdə söyüş söyməklə müşayiət olunan nalayiq hərəkətlər ictimai asayişin pozulması Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən, xuliqanlıq motivi daşıyır.
  Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, bir insanın telefonla danışıq mədəniyyətinin olması üçün özünün fitrətində mədəniyyət olmalıdır. Bu mədəniyyət isə ana bətnindən formlaşır. Yəni etik davranış insanın daxilindən gələn mədəniyyətdən formalaşır. Sosioloqun “Sherg.az"a açıqlamasına görə, ailələr etik davranış formalarını 6 yaşına qədər mütləq şəkildə öz övladlarına öyrətməlidir:

“Təbii ki, iş təkcə valideynlərlə bitmir. Məktəblərdə də mədəni davranış formaları - telefon danışıq mədəniyyəti, sosial şəbəkələrdən istifadə mədəniyyəti və sairə ilə bağlı xüsusi işlər görülməli, xüsusi tədbirlər keçirilməlidir. Mən 20 ildir haray salıram ki, cəmiyyətdəki insanların davranış formalarına təsir etmək üçün elmi metodlar lazımdır və bu sahədə işlər aparılmalıdır.
  İnsanlar çox vaxt telefonla danışıq formasına dırnaqarası yanaşır. Deyirlər ki, “əşşi, bununla mədəniyyətmi ölçülər?”. Təbii ki, ölçülər. Baxın, mən tez-tez xarici səfərlərdə oluram. O səfərlər zamanı mən insanların davranış qaydalarına, xüsusən də telefonla danışıq etikasına xüsusi fikir verirəm. Və məndə həmin ölkə haqqında fikir formalaşır. Deməli, nə nəticəyə gəlirik? Telefonla danışıq etikası tək yerli sakinlərin, necə deyərlər, rahatlığı üçün deyil, həm də ölkənin hörmətini, imicini qaldırmaq, qonaqların gözündə əhali haqqında xoş fikir yaratmaq üçün də lazımdır. Deyək ki, əcnəbi bir qonağa ölkəmizin mədəniyyəti, musiqisi haqqında, xalq olaraq insanlarımızın müsbət keyfiyyətlərindən bol-bol danışırıq. Bu əcnəbi də sabah şəhərə çıxanda insanların telefonla danışarkən qışqıra-qışqıra, qeyri-etik söhbətinə şahid olub nə fikirləşəcək? Sizcə, o, ölkəmizi bizim təriflərimizlə qiymətləndirəcək, ya şahidi olduqları ilə? Təbii ki, özünün şahidi olduqları ilə. Ona görə də biz bu məsələyə çox ciddi yanaşmalıyıq. Ölkədə bu sahədə nə qədər çox maarifləndirmə işi aparılsa və yaxud da sosial şəbəkələrdə bununla bağlı maarifləndirici çarxlar çəkilib paylaşılsa, düşünürəm ki, istədiyimiz nəticəni əldə edə bilərik”.