Gəncədə evləri su basdı: İcra başçısı əraziyə gəldi

Ötən gün axşam saatlarından başlayaraq Gəncə şəhərinə yağan və hazırda da fasilələrlə davam edən güclü yağış bir sıra fəsadlar törədib.

Sherg.az Report-a istinadən məlumatına görə, şəhərin Yeni Gəncə yaşayış massivində yeni salınan məhəllədə 30-a yaxın fərdi yaşayış sahəsini su basıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hadisə yerinə gələrək sakinlərlə görüşüb, güclü yağışın yol açdığı fəsadların aradan qaldırılırması istiqamətində aparılan işlərlə yerində tanış olub.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Səməd Tomuyev bildirib ki, baş vermiş hadisə ilə əlaqədar olaraq aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışırlar.

Belə ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli regional qurumlarının əməkdaşları tərəfindən evlərə dolmuş yağış sularının ərazidən xaric edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Qısa vaxt ərzində yağış sularının evlərdən tamamilə çıxarılması təmin ediləcəkdir.

Qeyd edək ki, analoji halların gələcəkdə də yaşanmaması üçün hazırda sözügedən ərazidə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sifarişi ilə yeni su ötürücü beton boruların inşası həyata keçirilir. İşlərin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub.