“Mossad” rəhbəri Romada tərəflərlə Qəzza zolağındakı vəziyyəti müzakirə edib

İsrail kəşfiyyat xidməti “Mossad”ın rəhbəri David Barnea, Qəzza zolağındakı vəziyyəti həll etmək üçün Romada görüş keçirib.

APA TASS-a istinadən xəbər verir ki, görüşlər önümüzdəki günlərdə də davam edəcək. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

Ofisdən bildirilib ki, tərəflər təklif olunan sazişin qeyd olunduğu sənədi müzakirə ediblər.

İsrailin baş naziri Benyamin Netanyahu iyulun 26-da Floridada ABŞ-ın sabiq prezidenti Donald Trampla görüşündə bildirib ki, o, Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanı müzakirə etmək üçün danışıqlar aparacaq komandanı Romaya göndərəcək.

“Axios” portalının həmin gün ABŞ və İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Qəzza zolağında atəşkəs haqqında razılığa gəlmək üçün iyulun 28-də Romada İsrail, Misir və Qətər nümayəndələri ilə görüşəcək.