Bütün xroniki xəstəliklərin səbəbi...

Türkiyəli professor: “Xoşbəxtlik hormonlarını artıran fəaliyyətlərə daha çox üstünlük verin, sosiallaşın”

  “Orqanizmin qocalması "mitoxondrial" zədələnmədən qaynaqlanır”. “Sherg.az”  türkiyəli həkim, professor Alper Şenerin sözlərinə istinadən xəbər verir ki, bu zədələnmə doğulduğumuz gündən başlayır. Hələlik isə bu prosesə mane olmaq mümkün deyil, ancaq gecikdirmək olar.
  Professorun fikrincə, bütün xroniki xəstəliklərin səbəbi qocalıqdır.
Orqanizmin qocalmasını gecikdirmək üçün balanslı qidalanma və pəhriz mütləq şərtdir: “Doymaqla qidalanma arasında çox ciddi fərq var. Qidalanma zamanı ət, paxla, yumurta və tərəvəz məhsullarından balanslı istifadə olunmalıdır ki, mikrobiota (bağırsaq florası) zənginləşsin.
Eyni zamanda hərəkət və nizamlı məşq etmək lazımdır. Təmiz havada gəzinti, nəbzi artıran məşqlər, çəki, tarazılıq hərəkətləri, düzgün nəfəs almaq və toxumaların oksigenləşməsini artırmaq lazımdır.
  Ekoloji cəhətdən təmiz olan qida məhsullarından istifadə olunmalı, bədənin tələbatını ödəyəcək miqdarda su içilməlidir. Həmçinin də stressdən, sizi kədərləndirən, əhvalınıza mənfi təsir edən insanlardan uzaq olun. Stress hüceyrələrə zərər verən ən böyük səbəblərdən biridir. Xoşbəxtlik hormonlarını artıran fəaliyyətlərə daha çox üstünlük verin, sosiallaşın”.
  Həkim deyib ki, fiziki və mənəvi sakitlik üçün yuxu rejimi də normaya uyğun olmalıdır: “Gördüyünüz kimi sağlam yaşamaq, əslində, o qədər də çətin deyil, sadəcə tələb olunan şərtlərə vaxt ayırmaq, düzgün əməl etmək lazımdır.
Dünyada xroniki xəstəliklərin sayı artdıqca sağlam qidalanma və düzgün həyat tərzinə daha çox diqqət ayrılır.
  Hətta Avropa ölkələrində iş günlərinin və saatlarının azaldılmasının əsas səbəblərindən biri də məhz budur. Əslində, sağlam qocalma üçün insanın sağlam genetik bünövrəsinin olması əsasdır. Alimlər indi bu genlərin sağlamlaşdırılmasına çalışırlar. Uzunömürlülərin heç birində defektli gen aşkar edilməyib. Uzunömürlülük irsi olaraq gələcək nəsillərə ötürülür. Lakin genetikasında olmayan insanlar da gündəlik yaşam tərzində edə biləcəkləri kiçik dəyişikliklər ilə öz ömürlərini əhəmiyyətli dərəcədə uzada bilər.
"Su səhəngi suda sınar" deyiblər. Ona görə də səhəng qırılmadan tədbir görmək lazımdır, bir dəfə qırılanda onu təmir etmək çətindir və buna zəmanət də verilmir”.