Qızılca peyvəndinin pis təsiri ölümə aparır? - Tarixə baxın, tərəziyə qoyun!

Bu epidemiya tarixdə 100 minlərlə insanın həyatına son qoyub

Əksər valideynlər peyvənd əleyhdarlarıdır və təəssüf ki, bunu təbliğ edirlər

  Astara rayonunda azyaşlı uşaq qızılcadan ölüb.
Hadisə rayonun Maşxan kəndində baş verib. Belə ki, kənd sakini – 2018-ci il təvəllüdlü Y.Ağamir oğlu Əliyevdə 4 gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
  Qızılcadan ölən uşaqların sayı artdıqca əhalinin narahatlığı da artır. Valideynlər iddia edir ki, yayılan xəstəlik ya qızılca deyil, ya da virusun forması dəyişib, ona görə ağırlaşmalara və ölümə səbəb olur. Həkimlər isə bu fikirlə razılaşmır, bunların şişirdilmiş məlumat olduğunu deyir.
Pediatr Vaqif Qarayev isə “Şərq”ə açıqlamasında deyib ki, qızılca hava-damcı yolu ilə yoluxan kəskin virus infeksiyasıdır. Qızdırma, intoksikasiya, səpkilərlə xarakterizə olunur: “Lakin xəstəlik gedişatına görə başqa səpkili infeksiyalardan fərqlənir. Qızılcanın ilk mərhələsində səpkilər olmur, xəstəlik soyuqdəymə kimi başlayır. Səpki dövründə xəstənin vəziyyəti ağırlaşır. Qızılcanın ağırlaşmaları isə çox təhlükəlidir. Fəsadları hətta ölümlə də nəticələnə bilər. Səpkiləri öskürək müşayiət edir. Öskürək uşağı boğur. Hətta qısa müddətdə uşağın həyatına son da qoya bilər. Buna qızılca pnevmoniyası (ağciyərin iltihabı) deyirlər. El arasında sətəlcəm adlanır. Sətəlcəm isə müalicəyə çox çətin tabe olan xəstəlikdir.
  Səpkilər dövründə uşağın vəziyyəti ağırlaşır, qızdırma daha da yüksəlir, öskürək kəskinləşir, tutma şəkilli olur, gözlər qızarır, işıqdan qorxma yaranır. Uşaq işığa baxa bilmir”.
  V.Qarayev deyib ki, qızılcanın xüsusi müalicəsi yoxdur, sadəcə immuniteti gücləndirən müalicə aparılır. Bu xəstəlikdən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Xəstənin otağı isti və işıqlı olmalı, havası tez-tez dəyişdirilməlidir. Xəstənin istirahət etməsi və simptomatik müalicə alması məsləhət görülür. Qızılca, viruslar tərəfindən törədildiyi üçün fəsad olmadığı zaman antibiotik istifadə etməyə ehtiyac yoxdur. Vaxtında və düzgün müalicə etdikdə qızılcanın proqnozu adətən yaxşı olur. Qızılca diaqnozunu ancaq həkim qoya bilər. Sağalana qədər uşaq həkim nəzarəti altında olmalıdır. Ağırlaşma olmayanda xəstəxanaya qoymağa ehtiyac yoxdur. Lakin ağırlaşma yarandıqda mütləq xəstəxanada müalicə olunmalıdır. Yəni bütün hallarda həkimə müraciət etmək ona görə mütləqdir ki, ağırlaşmalar uşağın həyatına son qoymasın”.
  Ölkəmizdə isə peyvəndə hazırkı münasibət bir az fərqlidir. Əksər valideynlər peyvənd əleyhdarlarıdır və təəssüf ki, bunu təbliğ edirlər. Əksəriyyəti isə bu xəstəliyin müalicəsi üçün heç bir tədbir görmür, həkimə belə müraciət etmir.
  Xüsusən də yaşlı insanlar qızılca xəstəsinə iynə-dərman müalicəsi etməyə qoymurlar ki, öz-özünə keçib gedəcək. “Biz qızılcanı dava-dərmansız, əynimizdə qırmızı geyim, qırmızı yorğan-döşək, üstümüzə qızıl taxılmaqla keçirmişik” deyərək ilin-günün bu vaxtında qızılca xəstəsinin yatağını tamamilə qırmızıya bürüyüb, otaqlarda qırmızı pərdə asan, uşağa qırmızı geyim geyindirən, eşşək südü içirdən ailələr var.
Guya qırmızı rəng işığın birbaşa uşağın gözünə düşməsinin qarşısını alır. O vaxtları qızılcanı Allahın lütfü kimi qəbul edib, uşaq qızılca olanda qoçun başına qırmızı bağlayıb, qurban da kəsirmişlər.
 Guya Allah lütf gətirib. Amma nəticədə xəstəlik yüz minlərlə insanın həyatına son qoyurdu. Nə qədər də desələr ki, peyvəndin əks təsirləri, ağırlaşması var, tərəziyə qoysaq, qızılca peyvəndinin pis təsiri heç vaxt ölümə aparmır və apara da bilməz. Qızılca epidemiyası tarixdə 100 minlərlə insanın həyatına son qoyub. Peyvənd çıxdıqdan sonra vəziyyət daha stabilləşib. Heç bir arqumentə dayanmadan peyvənd olmaz deyən böyük bir qrup yaranıb. Amma fakt budur ki, peyvənddən kənarda qalanların hamısı xəstələnir və körpə yaşlı uşaqlar ölür”.