Narkotikin təsirində olan sürücülər: Ekspert çıxış yolu göstərdi

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 20-də saat 16 radələrində Səbail rayonunun Şıx qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan şəxs Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü Emin Vəliyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilərək, Səbail RPİ-nin 41-ci Polis Şöbəsinə təhvil verilib.
Avtomobilə baxış zamanı oradan marixuana aşkar olunaraq götürülüb.
Vaxtaşırı sürücülərin saxlanılması ilə bağlı belə məlumatlara rast gəlinir.  Nəqliyyat eksperti Aslan Əsədov “Sherg.az”a vurğulayıb ki, bu bəla ümumi dünyanın bəlasıdır:
“Belə hallarla mübarizə hər bir dövlətin əsas məsələlərindən biridir. Dövlət qurumları, xüsusən də güc strukturları tərəfindən mütəmadi olaraq narkotik vasitələrin təsiri altında olan şəxslərə qarşı qeydlər və marifləndirici tədbirlər aparılır. azırda bununla bağlı istədiyimiz nəticəni əldə etməmişik. Statistik rəqəmlər onu göstərir ki, davamlı olaraq bu qeydlərin keçirilməsinə baxmayaraq hələ də narkotik vasitənin təsiri altında avtomobil idarə etmək istəyən şəxslər var. Həmin şəxslər isə fəaliyyət zamanı aşkarlanır. Bunun üçün çıxış yolu müxtəlif olmalıdır. Televiziyada və radioda marifləndirici verilişlərin sayını artırmaq lazımdır. Narkotik vasitənin təsiri altında olan şəxslərin bu zəhərdən istifadə etməmələri üçün tədbirlər görülməlidir. Hər bir vətəndaş səfərbər olmalıdır. Narkotik vasitə və psixotrop maddələr qəbul edilən zaman heç kəs düşünməsin ki, o öz həyatını təhlükəyə atır. Ümumiyyətlə, narkotik cəmiyyət üçün bəla və təhlükə predmentidir. Hər kəs bu zəhərə qarşı çıxmalıdır”.