İnsanlarda mutasiya: Süni qidalar sonumuzu gətirir

Biri ailəsini məhv edir, biri uşağını soyuqqanlıqla öldürür, biri azyaşlı uşağına siqaret çəkdirir...

“Bədbəxtliyimiz budur. Bəli, körpə ana bətnində döl halındaykən əcnəbi qidalarla tanış olur. Çünki hamilə qadın nəylə qidalanırsa, körpə də onunla qidalanır”

  Sosial şəbəkə istifadəçisi olan xanım 2 qız övladının menyu cədvəlini paylaşıb. Qeyd edib ki, qızları yalnız bu yeməkləri sevir, başqalarını rədd edir, hətta meyvələr arasında da ciddi seçim aparır, hər meyvəni xoşlamır, valideyn israr edəndə də qəbul etmirlər, yemirlər. Xanım yazır ki, qızların arasında çarəsiz qalıb, hərəsi bir cür yemək istəyir, o da məcbur olur hərəsinə bir cür yemək hazırlayır. Qısası, xanımın işi çox çətindir. Menyuda isə milli mətbəximizə yad qidalar “gözə girir”. Burger, dönər, lahmacun, pizza, mayonezli salatlar və sair. Hətta bildiyimiz kotletin də uşaqlar “çörəkarası” – burger formasında təqdimatında israr edirlər. Sosiskanı da “yuxaarası” istəyirlər. Hələ birinin menyusunda “mayonezli qovyadina salatı” - mal əti konservi də var.
  Qadının paylaşımına xeyli rəylər də yazılıb. Kimisi, halına acıyaraq, özünün də eyni durumda olduğunu, kimisi “uşaqlar mütləq vitamin qəbul etməlidir, meyvə-tərəvəz verin”, yazır, bəzisi də “anamız bizə nə verirdisə, yeyirdik, xörək sonalamazdıq”, deyib “qədim əyyamları” yada salır. Oxuduqca adamın başı ağrıyır, ağlı çaşır. Bu nə durumdur? Valideynlər qalıblar uşaqların əlində məəttəl. Bir uşaq ki daim quru, qızartma, mayonezli qidalarla qidalansın, sonu nə olacaq? Belə təəssürat yaranır ki, hazırkı uşaqlar ana bətnində dönərlə, pizza ilə tanış olublar və daha əl çəkə bilmirlər.
  Qida eksperti, Qida Təhlükəsizliyi Hərəkatı Qida Məhsulları Texnologiyaları Departamentinin rəhbəri Ağa Salamov “Sherg.az"a açıqlamasında uşaqların qida seçiminin necə formalaşmasından və valideyn məsuliyyətindən danışdı:
"Bədbəxtliyimiz budur. Bəli, körpə ana bətnində döl halındaykən əcnəbi qidalarla tanış olur. Çünki hamilə qadın nəylə qidalanırsa, körpə də onunla qidalanır. Uşaq dünyaya gətirməyə hazırlaşan xanım da, kişi də bilməlidirlər ki, bu gün nəylə qidalanırlarsa, sabah uşaq o qidanı istəyəcək. Hamilə qadınların çoxu “ürəyim burger istəyir, dönər istəyir”, deyib cumurlar “McDonalds”lara, burger, kartof-fri sifariş edirlər, Cola içirlər... Uşaq əlbəttə, bunlardan istəyəcək. Körpə hələ dünyaya gəlməmiş ananın genləri vasitəsilə ona bu qidaların genləri ötürülür. Kişilər də günahkardır. Əcnəbi qidalardan çox istifadə edən kişilər də həmin genləri aktivləşdirmiş olur və bu genlər xromosomlarda üstünlük təşkil etməyə başlayır. Biz demirik, başqa ölkələrin mətbəxini kimsə dadmasın, xeyr. Sadəcə, hər bir insan, əgər həqiqətən də sağlam düşüncə sahibidirsə, nəylə qidalandığına diqqət etməlidir. Xarici ölkələrin hər birinin faydalı mətbəxi, qidaları var. Amma “küçə qidası” – ayaqüstü qidalar olan burger, dönər, çörəkarası, lavaşarası və sairlər vaxtilə işbazlar və xalqların milli mətbəxinin, məntiqi olaraq da milli düşüncəsinin aradan qaldırılmasına yönəlik siyasətin aləti olaraq düşünülüb və bütün dünyaya yayılıb. Bəzi ölkələr bunun qarşısını almağa səy göstərir, milli mətbəxlərini təbliğ edir, əhalini zərərli qidalardan qorumağa çalışırlar. “McDonalds”, “KFC” qidalarının nəhəng təbliğatı aparılır, hətta cizgi filmlərində də bunlar təbliğ edilir, onları izləyən uşaqlar da ata-analarından bunu tələb etməyə başlayır. Ona görə də uşaqların nə izlədiyinə də valideynlər diqqət etməlidir".
 
  A.Salamov qeyd etdi ki, insanlarda baş verən mutasiya haqqında danışıb:
" İnsanlarda mutasiya artıq baş vermək üzrədir. Biri ailəsini məhv edir, biri uşağını soyuqqanlıqla öldürür, biri azyaşlı uşağına siqaret çəkdirir... Burada süni qidalar da başda olmaqla geni dəyişdirilmiş məhsulların da rolu böyükdür. Məsələn, əqrəb geni ilə laboratoriya şəraitində hazırlanan pomidor və başqa məhsullar var. Siçan geninin isə GMO məhsullarda olmadığını da kimsə deyə bilməz. Bu arada siçanlar bir-birini yeyə bilirlər. Quduzluqla bağlı da ayrıca araşdırma aparılmalıdır. Hesab edirəm ki, valideynlər uşaqları tərbiyə üsulunu bilmirlər, bəziləri buna vaxt ayırmaq istəmir, bəzisinin vaxtı yoxdur, nə olursa gələcək nəslimizə olur. Ötən dəfə sizinlə qida israfçılığı barədə danışmışdıq. Dünyada milyonlarla insan aclıqdan öldüyü halda, kiminsə övladının “nazıyla oynayıb” gündə 2-3 növ xörək bişirməsi, sadəcə, insanlığa həqarətdir. Fəlakətləri özümüz tezləşdiririk".