Türkiyə qadağan edib, biz də qadağan edək - AÇIQLAMA

Elektron siqaret adi siqaret qədər, hətta ondan da artıq dərəcədə zərərlidir

“Əslində isə siqaret asılılığını elə həmin bu e-siqaretlər yaradır. Sonra da narkotik maddə aludəçiliyi başlayır”

  “Bir növ siqaret çəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu, Azərbaycanda da geniş yayılmış siqaret çəkmə formasıdır. Bunlar buxarlanma yolu ilə ingiliscə “vape” adlanan birdəfəlik siqaretlərdir”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin iclasında danışıb. O qeyd edib ki, bu, gənclər arasında geniş yayılan, dəb halını alan, amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür. Millət vəkili parlamentin spikerinə müraciət edərək bu problemlə bağlı araşdırma aparmaq istədiyini deyib: “Xanım sədr, siz də icazə versəydiniz, Aqrar siyasət komitəsi ilə kiçik araşdırma aparardıq. Əksər ölkələrdə bu qadağandır. Azərbaycanda qadağan deyil və il ərzində təxminən 3 milyona yaxın birdəfəlik elektron siqaret Azərbaycana idxal olunur. Əgər iqtisadi cəhətdən bu, zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa, biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”.
  Millət vəkilinin də vurğuladığı kimi elektron siqaretlər uzun müddətdir dəbdədir. Belə yanlış fikir formalaşıb ki, elektron siqaret ziyansızdır, tütün tüstüsü, nikotin birbaşa ağ ciyərlərə daxil olmur və sair. Lakin elektron siqaretlərin ətirli tüstüsünü ciyərlərinə çəkənlər onun digər siqaretlər qədər təhlükəli olduğunun fərqinə varmır. Mütəxəssislər bu fikirdədir ki, elektron siqaretlərin məhz ətiri aldadıcıdır. Və siqaret düşkünləri bu ətirin “izinə düşərək” ölümə doğru gedirlər.
  Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, qardaş Türkiyədə elektron siqaret satışı 2008-ci ildən rəsmən qadağan edilib: 

" Təkcə Türkiyədə yox, bir çox digər ölkələrdə də elektron siqaretlər qadağandır. Çünki bu siqaretlər adilərdən dəfələrlə təhlükəlidir. Elektron siqaretlərin tərkibində xərçəng xəstəliyi yaradan nitrozaminlər, civə, qurğuşun, nikel kimi bir çox zərərli kimyəvi maddə var. Problem bundadır ki, bəzi valideynlər də elektron siqareti zərərli saymır və övladlarının siqaret həvəsini onunla təmin etməyə icazə verirlər. Onlar səhv olaraq düşünür ki, elektron siqaret adi siqaretdən fərqlənir, zərərli deyil. Bunlar hamısı elektron siqaret tacirlərinin uydurmalarıdır. Əslində isə elektron siqaret adi siqaret qədər, hətta ondan da artıq dərəcədə zərərlidir. Sadəcə, bəziləri elektron siqareti müasirlik, dəb hesab edir, onun ətrinə, görünüşünə aldanırlar. E-siqaretlərin tərkibindəki müxtəlif kimyəvi maddələr ölümcüldür. Xüsusən də ətirli e-siqaretlər daha çox təhlükəlidir. Onların tərkibindəki e-asetat maddəsi ağ ciyərləri sıradan çıxarır. E-siqaretlər “məsum” kimi təqdim edilir, amma belə deyil. Adi siqaretlər orqanizmə hansı zərəri verirsə, bunlar da eynidir. Ətirli e-siqaretlərdə kimyəvi maddələr daha çox olduğundan zərəri də daha böyükdür. Ağ ciyər çatışmazlığına yol açır. Beyin hüceyrələrini zədələyir. Damar keçməzliyi yaradır. Xərçəng riskini artırır. Qanda qatılaşmaya və bu səbəbdən də ölümlərə əsas olur. E-siqaret alışqanlığı narkotik maddə asılılığı yaradır. E-siqaret tacirləri siqaret çəkməyənləri də “e-siqaret zərərsizdir”, deyib şirnikləndirir və insanlarda asılılıq yaradırlar. Əslində isə siqaret asılılığını elə həmin bu e-siqaretlər yaradır. Sonra da narkotik maddə aludəçiliyi başlayır. Hesab edirəm ki, e-siqaretin 18 yaşdan aşağı olanlara satışı qadağan edilməlidir. Lazım gələrsə, hətta e-siqaretin ölkəyə idxalına da qadağa qoyulmalıdır. Hesab etmirəm ki, bununla dövlət büdcəmiz zəifləyəcək".