Soyuq silah satışı ilə məşğul olan səhifələr və şəxslər nəzarət altındadır -AÇIQLAMA

Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib.
DİN xəbər verir ki, Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib. Nəticədə Pirallahı qəsəbəsi ərazisində kəsici-deşici alətlərin satışının təşkil edildiyi balıqçı mağazası müəyyən edilib. Obyektdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 129 ədəd bıçaq və 14 ədəd balta aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub. Mağazanın sahibi T. Əsgərzadə barəsində araşdırmalar davam etdirilir.
Maraqlıdır görəsən, belə mağazalarda kəsici-deşici alətlərin satılması qadağandır yoxsa, təkcə bu sahədə sertifikatı olanlara satılır?

Suallarımızı cavablandıran  təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a söyləyib ki, sosial şəbəkələrdə açıq-aşkar soyuq silah satışı ilə məşğul olan səhifələr və şəxslər nəzarət altındadır:

"Onların müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Adi kəsici-deşici bıcaqların satışına gəldikdə isə bu barədə hansısa məhdudiyyət yoxdur. Nəinki, balıqçılıq dükanlarınd, hətta hər bir mağazada bıcaqların satışı təşkil olunur. Ancaq ölçüsünə və tərkibinə görə, kəsici alətlərin icazəsi olmalıdır".