Psixoloq: İtkin düşənlərin çoxu sayrışan hallar nevrozu yaşayanlardır

2023-cü ildə Azərbaycan Respublikasının ərazisində 997 nəfər itkin düşmüş şəxs kimi axtarışda olub. Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin ötən illə bağlı hesabatında bildirilib. Rəsmi məlumata görə, itkin düşmüş şəxslərdən 129 nəfəri 18 yaşadək uşaqlar olub. İtkin düşənlərdən 119 nəfər, o cümlədən 2 uşaq 2023-cü ilin sonuna kimi tapılmayıb.
Bəs dinc şəraitdə vətəndaşların itkin düşməsi nə ilə əlaqədardı?

Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, itkin düşənlərin çoxu əqli geriliyi olanlar və sayrışan hallar nevrozu yaşayanlardır: 

"Sadəcə həmin şəxslərin ailələri onları psixoloji disponserə yerləşdirmir, evlərində saxlayırlar. Bəzən onlar hansısa dərmanı içmədikdə və yaxud xırda stiuasiyaya görə, evdən çıxıb gedirlər. Hətta, geri dönmək istəmirlər. Ona görə də yaxınları həmin şəxslərə daha həssas yanaşmalı, psixoloq və psixoterapevtə müraciət etməli, ən azı ildə iki dəfə ciddi şəkildə müalicəyə aparmalıdırlar. Bu zaman problem aradan qalxacaq. Həmçinin, xaotik ailələrdə  istər qız, istər oğlan uşaqları evdən qaçmaq üçün fürsət axtarır.  Bəzən uşaqlar evdən qaçmağa, kənar şəxslərdə sevgi axtarmağa meyil edirlər. Burada diqqət edilməli olan nüans valideynlərin həyat tərzi və övladlarına qarşı münasibətidir. Valideyn uşağına irad tutarkən belə istifadə etdiyi sözlərə, üslubuna diqqət etməlidir. Uşaqları təhqir etmək qətiyyən olmaz ".