2024-cü ilin aprel ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2023-cü ilin aprel ayına nisbətən 100 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz təşkil edib. 2024-cü ilin aprel ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,3 faiz təşkil edib. 2024-cü ilin aprel ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil etmişdir. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma zərgərlik məmulatlarının, sementin, kəsilmiş taxtanın qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,4 faiz təşkil edib.
İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az" a bildirib ki, göstərilən statistik rəqəmlər təmamilə reallığı əks etdirir:
"Çünki ötən il Azərbaycanda ciddi sürətdə inflyasiya müşahidə olundu və qiymət artdı. Ancaq keçən illə müqayisədə hazırda qiymət artımının dayandığını görürük. Xüsusən ərzaq məhsullarında, dənli bitkilər, duru yağlar, tərəvəzlərin bir qisminin qiymətlərində azalma var. Məsələn, ötən ay yumurtanın qiyməti kəskin aşağı düşdü. Son bir ildə aprel ayı ilə müqayisədə qida məhsulları 2.2 faiz ucuzlaşıb. Bir sözlə, ucuzlaşmanın əsasını qida məhsulları təşkil edir. Çünki spirtli içkilər və tütün məmulatlarının dəyərində artım mövcuddur. Mərkəzi Bank keçən ay verdiyi bəyanatda qeyd etdi ki, ötən ayın sonunda 5.5 faiz inflyasiya gözlənilir. Lakin bu göstəricini aşağı saldılar. Hazırda isə 3.5 faiz inflyasiya olacağına dair proqnozlar verirlər. Bu da kifayət qədər aşağı rəqəmdir. Fikrimcə,bəzi məhsullar üzrə bahalaşma olacaq. Xüsusən kakao, şokolat, düyünün qiyməti qalxa bilər. Ancaq digər istiqamətlər üzrə enmələr olacaq".