Varlını təpənin üstündə, kasıbı gölməçədə dəfn edirlər -İlahiyyatçı

“Bakıxanov” qəbiristanlığı yenilənir. Belə ki, əraziyə 16 kamera quraşdırılacaq. Giriş hissədə isə qəbiristanlığın iş qrafiki barədə lövhə yerləşdiriləcək. İşlərin bu ayın sonuna kimi yekunlaşacağı planlaşdırılır.
 Son vaxtlar əksər qəbirstanlıqların baxımsız olduğunu müşahidə edirik. Hətta, oğurluq halları da görülür.  Bu işlərə kim nəzarət etməlidir? Bu istiqamətdə qəbirstanlıqlara kamera yerləşdirilərək buranın 7/24 izlənəsi dini cəhətdən doğrudurmu?

Ölkədə məzarlıqların bərbad vəziyyətdə olduğunu deyən ilahiyyatçı Tural İrfan “Sherg.az”a bildirib ki, imkanlı şəxslər, məmurlar qəbristanlığın yarısını alıb baha qiymətə başqalarına satır:
“Biri öz nəsli üçün filan qədər torpağı zəbt edir, digəri isə az qala ölüsünün üstünə heykəl ucaldır. Varlını təpənin üstündə, kasıbı gölməçədə dəfn edirlər. Sanki, qəbir dünyasında da kim çox çapıb-talayacaq deyə mübarizə gedir. Məzarlıqlarda oğurluq və digər xoşagəlməz hallar da ola bilər. Kameranın olması da zəruridir. Həmçinin nəzarətçilər də olmalıdır. Bunun üçün aidiyyəti qurumlar, idarələr, icra hakimiyyəti və bələdiyyələr var və onar tənzimləməlidir. Qəbirlərin standart olması, hamıya eyni, bərabər verilməsi məsələsi hələ də həll olunmayıb. Qanunla da, dini cəhətdən də qəbir daşı normal, sadə və standart olmalıdır”. 

T.İrfan vurğulayıb ki, qara və böyük qəbir daşları qoymaq böyük günahdır:
“ Xüsusilə qara rəngli daşlar İslama ziddir. Bu yezidilərin, ateist və ermənilərin adətidir. Qəbristanları qapqara bürüyüblər, bu bədbinlik, axirətə inamsızlığın təzahürü, sovet ideologiyasının təsirindən qalma bir nümunədir. Hətta, indiki dövrdə ölüsünün üstünə kamera qoyan, otaq tikib qab-qacaq, yorğan - döşək də saxlayanlar da var. Yəni, bu formada qəbirlər də mövcuddur. Qəbristanlıq haqda yeni qanun qəbul olunub standart meyarlar tətbiq olunmasa, kamera qoymaq faydasız olacaq ”.