Ətin qiyməti bahalaşıb: SƏBƏB

Əsas səbəb xırdabuynuzlu heyvanların sayının azalması ilə bağlıdır

  Azərbaycanda heyvan bazarında qiymətlər artıb, xüsusilə də xırdabuynuzlu heyvanların qiymətində fərq hiss olunur. Bunun Qurban bayramı ilə bağlı olduğu deyilir. Qeyd edək ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
Bildirilib ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə Həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub: “Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır. Unutmaq lazım deyil ki, Uca Allah müqəddəs "Qurani-Kərim"də qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır...” (Həcc; 37) Bu ayədəki ilahi hikmətə inanan hər bir kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir.
  Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur”.
  Qurban Bayramı ilə əlaqədar xırdabuynuzlu heyvanlara tələbatın artması isə bazarlarda xeyli bahalaşma yaradıb. Satıcılar deyir ki, hazırda 15-20 kiloqramlıq qurbanlıq quzu ətinin qiyməti 19-20 manat arasında dəyişir. Onların sözlərinə görə, 10 kiloqramlıq quzu ətinin kiloqramı isə bəzi yerlərdə 22 manata qədər yüksəlir.
Qiymətlərin bahalaşması alıcı qüvvəsinə də təsir edib. Əvvəlki illərlə müqayisədə qurbanlıq quzularla bağlı sifarişlər kəskin azalıb. Satıcılar bildirir ki, qiymətin dəyişməsinə yemin baha olması da təsir edən amillərdən biridir.
Alıcılar deyir ki, qiymətlərin artmasına görə aldıqları ətin kiloqramını azaltmaq məcburiyyətində qalıblar.
  İqtisadçı-ekspert Rauf Qarayevin “Sherg.az"a açıqlamasına görə, ətin bahalaşması birbaşa bayramla əlaqəli olmasa da, əvvəlki həftələrlə müqayisədə bu ərəfədə qiymətlərin daha da bahalaşması müşahidə olunur:

“Ətin qiymətində müşahidə olunan bahalaşma, ilk növbədə, mövsümi xarakter daşıya bilər. Bildiyiniz kimi, adətən, bayramqabağı qiymətlərdə artım baş verir. Bayram qurtarandan sonra qiymətlər aşağı enir. Digər bir məqam isə ondan ibarətdir ki, ölkədə heyvanlar üçün yem bazasının məhdud olması müşahidə oluna bilər. Birincisi, əkinçilik, bağçılığın salınmasıdır. Bunların hamısı qoyunların otlaq yerinin azalmasına gətirib çıxarıb. Bakıətrafı sahələrdə də çox yer çöllük idisə, indi evlər tikilib. Yəni otlaq yerlərinin sayı bu səbəblərdən azalıb. Otlaq yerlərinin azalmasının ikinci səbəbi isə şoranlaşma, iqlim dəyişikliyi, kultivasiya sistemlərinin düzgün edilməməsi ilə bağlıdır, bu da torpağın şoranlaşmasına səbəb olan amillərdəndir.
  Heyvanların otlaq sahələrinin azalması isə bu işlə məşğul olan şəxsləri heyvanları məhdud şəraitdə olan yerlərdə saxlanması üçün məcbur edir. Bunun üçün də əlavə yem tələb olunur. Nəticədə heyvanlar üçün yemin qiymətinin bahalaşması bu addıma gətirib çıxara bilir”.
  Ekspertin sözlərinə görə, ətin bahalaşmasının əsas səbəbi xırdabuynuzlu heyvanların sayının azalması ilə bağlıdır: “Xırdabuynuzlu heyvanların sayına baxsaq, yəni 2015-2016-cı illərlə müqayisə etsək, həmin dövrdə saxlanılan keçi, qoyunun sayı 8,7-8,8 milyon baş idi. 2023-cü ilin axırına baxanda isə xırdabuynuzlu heyvanların sayının 7,8 milyon başa düşdüyünü görürük. Təqribən 9 min baş heyvan azalıb, bu da 10 faizdən çox azalma deməkdir. Əhalinin ət istehlakına baxanda 2015-2016-cı illə müqayisədə 2023-2024-cü illərdə bizim ət istehlakımız (qoyun, keçi əti) əksinə 20 faiz bahalaşıb. Bir tərəfdən qoyunların sayı azalıb, digər tərəfdən daha çox tələbat artıb. Çünki əhalinin sayı artıb, bu da istehlakı artırır”.