“Son zəng” şənliyi: Şan-şöhrət, özünü göstərmək və mədəni dilənçilikdir  - Sosioloq

Sosial şəbəkələrdə valideynlərin paylaşımları diqqət çəkir. Kimisi övladının 1-ci sinfi, kimisi 4-cü sinfi bitirməsinin, bəzisi “Son zəng”i, bəzisi ali məktəbə daxil olmasının sevincini bölüşür. Çox zaman da bu sevinclər hansısa restoranda, şadlıq sarayında keçirilən məclislərlə müşayət olunur.  

Əlbəttə, övladının uğuruna sevinmək, həmçinin məclis təşkil etmək də hər bir valideynin haqqıdır. Lakin bir çox məsələlərdə olduğu kimi yenə də israfçılıq, təmtəraq, göstəriş naminə təşkil edilən məclislər dominantlıq edir. Anlamaq olmur, bu məclisəri valideynlər özləri üçünmü təşkil edir, uşaqlar üçünmü? Ortada yenə də böyük pullar “oynayır”, müəllimlərə bahalı hədiyyələr, uşaqlara da onları ərköyünləşdirəcək səviyyədə xüsusi yanaşmalar, yaşına uyğun olmayan mükafatlar. Nə edək, xalqımız şənliksevər, “övladsevər”dir. Amma sonra işlər əyri gedəndə, övlad valideynin “nəzərində” özünü doğrultmayanda, yaxud da reallıqda layiqli vətəndaş, ləyaqətli insan olmayanda “bu, kimə oxşadı?!” deyib suçlunu kənarda axtarırlar. Sosial şəbəkələrdə rəy yazanlar da müxtəlif rəylər bildirib. Bu cür məclisləri təqdr edənlər də var, tənqid edənlər də.  
          

Sosioloq Lalə Mehralı “Sherg.az”a açıqlamasında  bu cür məclisləri mədəni dilənçilik adlandır: 

- Məclislərin təməli uşaq dünyaya hələ gəlməmiş qoyulur. Hamiləlik “partisi”, uşağın cinsiyyətinin müəyyənləşməsi “partisi”, sonra uşaq doğulur, xəstəxanadan təmtəraqla çıxaırlma, “40”-nı çıxması, dişinın çıxması, ayların tamamı, 1-ci yaş, 2-ci yaş.... bağçaya gedir, məktəbə gedir, 1-ci sinfi bitirir məclis, 4-cünü bitirir yenə məclis 11-i bitirir, “Son zəng”... Bunların hamısı dəbdəli qeyd olunur. “Son zəng”in qeyd edilməsi hardasa, yenə anlaşılandır. Amma bir şərtlə ki ailə içində olsun. Ailə ortamında qeyd edilməsi yaxşıdır. Ümimyyətlə, insanın özünəməxsus, ailəsinə məxsus özəl günlərini, özəl tarixlərini başqalarını dəvət etməklə qeyd etməsinin anlamı nədir, söyləməkdə çətinlik çəkirəm. Özləri də yersiz xərcə düşür, başqlarını da xərcə salırlar.  Bölgələrdə, rayon yerində də geniş yayılıb bu cür məclislər təşkil etmək. Hər dəvətə gedən adam minimum 50 manat xərcə düşür.   Rayonda bir ailənin həftədə 4-5 belə məclisə getməsi 200-300 manat xərcə düşməsi deməkdr. Sonra ali məktəbə qəbul var, əsgərliyə yola salmaq, qarşılamaq. Hərbi xidmətdən qarşılanma mərasiminə mən normal baxıram. Çünki hərbidən qayıdıb o gənc. Məktəbə gedənsə bir gün məktəbi bitirəcək də. Niyə normal şeyi fövqəladə bir hal kimi təqdim edirlər, həm də bunu baqşalarının hesabına edirlər. 1000 manat xərc çəkib həyətində “Son zəng” şənliyi edən valideyn, məlum olur ki, 1200 manat nəmər - pul toplayıb. 3 gün əziyyət çəkir, xərc çəkir, nəticədə 200 manat əlavə pul  qazanırsa bu əziyyətə dəyməz axı. Bu cür şənliklər təşkil etmək adət halını alıb, təəssüf ki. Bu gün biri edir, sabah digəri. Bir-birini bəhsinə edirlər, bu gün qonçusuna 50 manat nəmər salan, sabah özü mıclis edib o nəməri geri qaytarır. Məclis etsinlər, amma ailə ortamında. Yaxşılıq etmık istəyən insan onu təmənnasız etməlidir. Sosial mənası, sosial yükü olan yaxşılıqlar etsinlər. Məsələn, əhd etsinlər ki övladım məktəbi bitirsin, ali məktəbə daxil olsun, şirniyyat paylayacam. Yaxud ehtiyaclı bir ailəyə yardım edəcəm. Təmənna güdülməyən yaxşılıqlar, xeyir işlər yardımlar bu cür olur. Amma hazırkı məclislər şan-şöhrət, özünü göstərmək və mədəni dilənçilikdir. Bunun başqa adı yoxdur.