Naxçıvan reyslərində baqaj qiymətləri bahadır -RƏY

Amma kimsə gedib İstanbulda, Antalyada yeyib-içib istirahət edəcəksə, ona niyə güzəşt edilməlidir ki?!


  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma qiymətlərinin tariflərinin tənzimlənməsi qərarı müzakirələrə yol açıb. Hava nəqliyyatındakı baqaj qiymətlərinin baha olduğunu iddia edənlər var. “Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri”nin təsdiq edilməsiylə bağlı qərarda bildirilir ki, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla hər kiloqram üçün 0,30 manat məbləğində təsdiq edilib. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etməlidir. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
  Yay mövsümü və istirahətlər, məzuniyyətlər dövrü olduğunu nəzərə alsaq, qiymət tənzimlənməsi zəruridirmi? Onu da qeyd etməliyik ki, bir sıra ölkələrdə hava, həmçinin dəniz nəqliyyatı şirkətləri məhz yay mövsümündə turist səfərlərinin daha çox təşkil edilməsi məqsədilə həm təyyarə reyslərinin qiymətlərində, həm də baqaj qiymətlərində endirimlər tətbiq edir. Səyahət arzusunda olanlar da güzəştli, endirimli paketlərə maraq göstərir, daha ucuz qiymətlərlə səfər etməyi üstün tuturlar. 
 
 İqtisadçı Xalid Kərimli "Sherg.az"a açıqlamasında qeyd etdi ki, qiymət tənzimlənməsi heç bir halda vətəndaşa ziyan deyil: 

- Əlavə baqaj üçün, hər artıq kiloqrama 0, 30 manat heç də baha deyil. Burada məsələ təyyarələrin əlavə yüklənməsindən  gedir. Təyyarənin baqaj yeri əlavə yüklənirsə, əlbəttə, vətəndaş bunun üçün əlavə də haqq ödəməlidir. Onsuz da indi xarici ölkələrə səfərlər yalnız təyyarə reysləri ilə mümkündür. Quru yolları bağlıdır, səyahətə yalnız hava nəqliyyatı ilə gedilir. Vətəndaşın xarici ölkələrə səfər etməyə, xarici ölkələrdə dincəlməyə, istirahət etməyə maddi imkanı çatırsa, buyursun, əlavə baqaj üçün də pul ödəsin. Gedib pulunu Türkiyədə - İstanbulda xərcləyənlər üçün əlavə baqaj haqqı böyük pul hesab edilə bilməz. Hava yolları da pul qazanmalıdır. Təyyarə reysləri ilə səyahət edib pulu xaricdə xərcləyirlər. Vətəndaş  məcburdur AZAL-la səyahət etsin. AZAL da komfortlu təyyarələr təklif edir. İmkanı çatanlar komfortlu reysləri seçir. Xarici ölkələrdən gələnlər də, zatən sərfəli reysləri seçirlər. Vətəndaşlar da aldıqları bilet çərçivəsində pul ödəməyi öyrənməlidirlər. Elə aviaşirkətlər var ki, baqaj yükü normanı ötəndə artıq yükün boşaldılmasını istəyir. Sərnişin də məcbur qalıb yükdən imtina edir, bəzən pal-paltarlarını tökürlər ortaya. Məncə, istirahətlərlə bağlı güzəşt edilə bilməz. İstirahət etmək istəyirlərsə, buyursunlar, baqaja görə pul da ödəsinlər.  

  İqtisadçı qeyd etdi ki, daxili reyslərdə Naxçıvana gedən əhaliyə güzəşt edilməlidir, çünki Naxçıvan reyslərində baqaj qiymətləri bahadır: 
- Amma kimsə gedib İstanbulda, Antalyada yeyib-içib istirahət edəcəksə, ona niyə güzəşt edilməlidir ki?! Turizmin inkişafı üçün ölkələrlə viza rejimləri ləğv edilməlidir, necə ki Çinlə birtərəfli qaydada ləğv edilib. Viza rejimləri birtərəfli deyil, ikitərəfli qaydada ləğv edilməli, quru yollar da açılmalıdır.