Mütəxəssis: Qeyri-rəsmi xarici nömrələr cinayət işlərində istifadə edilə bilər

Sosial şəbəkələrdə Tailand, İngiltərə, Hollandiya, Almaniya və Keniyaya aid telefon nömrələri satılır.
Sherg.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, son vaxtlar xarici nömrələrin satışına dair elanlar çoxalıb.
Qiymətlər isə 7-15 manat aralığında dəyişir. Nömrələri satan şəxslər hansısa məsuliyyəti üzərlərinə götürməkdən imtina edirlər.
İnformasiya texnologiyaları üzrə mütəxəssislərin sözlərinə görə, belə nömrələri alan şəxslər üçün problemlər yarana bilər.
Ekspertlər vətəndaşlara bu kimi hallara inanmamağı tövsiyə edirlər.


Məsələyə münasibət bildirən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov “Sherg.az”a bildirib ki, sosial şəbəkələrdə satılan qeyri-rəsmi xarici nömrələr cinayət işlərində istifadə edilə bilər:

“Telefon nömrəsi xarici ölkənindirsə, məlumatların hüquq mühafizə orqanları tərəfindən əldə edilməsi mürəkkəbləşir. Yəni yalnız məhkəmə və digər uzun prosedurlardan keçməklə məlumatlar əldə edilə bilər. Telefon əldə edən adamlar bu nömrələrdən cinayət və qeyri-qanuni işlər aparan zaman istifadə etməyə meyilli olurlar. Azərbaycanlı istifadəçilər xarici nömrələrdən whatsapp və digər messengerlər vasitəsilə Azərbaycan dilində mesajlar alırlar. Azərbaycan Respublikası ərazisində satışı qadağan edilmiş bəzi malların satışı məsələsinə görə də xarici nömrələrin istifadə olunma ehtimalı var. Ölkəmizdə qeyri qanuni sahibkarlıqla məşğul olmağın cəzaları mövcuddur. Nəyinsə, satışını təşkil etmək və onun vergisini ödəməmək qeyri qanuni sayılır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda mobil nömrəni adsız almaq olmur. Mütləq şəxsiyyət vəsiqəsi və ya digər sənədlərlə qeydiyyatdan keçmək lazımdır. Ancaq bəzi ölkələrdə bu belə deyil. Şəxsiyyəti təsdiq edən sənəd olmadan mobil nömrə almaq olur. Bəziləri də həmin ölkələrdən də mobil nömrəni alıb Azərbaycan kimi ölkələrə müəyyən səbəblərə görə satmaqla məşğul olurlar”.