İnfliyasiyanın artımı fonunda faiz dərəcəsi aşağı salınmır -İqtisadçı

Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (2-6 faiz) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.

Uçot dərəcəsinin sabit saxlanmasına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, Azərbaycanda Mərkəzi Bank əsasən, dünya Mərkəzi Banklarının atdığı addımlara paralel davranmağa və makroiqtisadi göstəriciləri nəzərə almağa çalışır:

"Bir də Mərkəzi Bank ABŞ və dünyanın bir çox başqa ölkələrində faiz qərarlarının hansı yöndə olacağı ilə bağlı gözlənti içindədir. Çünki, qlobal iqtisadi proseslər də ölkəmizə təsir edə bilər. Ona görə də dünyadakı proseslərə paralel olaraq faiz dərəcəsini sabit saxladı”.
Ekspertin sözlərinə görə, sentyabr ayında çox güman ki, Mərkəzi Bank faizləri 0,25 faiz aşağı çəkəcək:

"Çünki həmin zaman həm ABŞ və Avropa, həm də dünyanın bir çox aparıcı ölkələrinin Mərkəzi Banklarında da uçot dərəcəsinin aşağı enməsi gözlənilir. Onlara paralel olaraq Azərbaycanda da belə bir addım atıla bilər".


Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli isə söyləyib ki, hələ sentyabr ayına çox var, ona qədər bir çox məsələlər dəyişə bilər:

“Faizlərin azaldılmasına hələ ki, əsasın olmadığını düşünürəm. Xüsusəndə dizel yanacağının və sərnişin xidmətlərinin qalxmasından sonra iqtisadiyyatda infliyasiyanın artacağı gözlənilir. İnfliyasiyanın da artacağı zəmində faiz dərəcələrinin aşağı salınması ənənəvi, iqtisadi pul siyasətinə uyğun deyil. Yəni İqtisadiyyatda infliyasiyanın artımı fonunda faiz dərəcələrinin aşağı salınması qərarları qəbul edilmir. Ancaq hər istiqamətdə  Mərkəzi bank faiz dərəcəsi ilə bağlı qərarlarını cəmiyyətə kommunikasiya etmir. Hətta bəzən pul siyasəti alətləri arasında ziddiyət yaranır. Yəni birində faiz ucuzlaşdırır, digərində isə məcburi ehtiyat normasını artırır. Ona görə də indiki halda güman etmirəm ki, faiz dərəcələri aşağı salınsın”.