Dünyanın əsas münaqişə ocaqlarından biri də Yaxın Şərq bölgəsidir. Yaxın Şərqdəki təlatümlərin bir hissəsi də iran-israil qarşıdurması sayılır. HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi nəticəsində Yaxın Şərqdəki münaqişə yenidən alovlanmağa başlayıb. İsmayıl Haniyənin öldürülməsindən sonra İranın İsrailə hücum edəcəyi ilə bağlı hər gün xəbərlər yayılır, müzakirələr gedir.
Bunun fonunda İran və İsrail hakimiyyəti ölkələrinin hava yollarını bağlayıblar.
Sözügedən prosesi “Sherg.az”a şərh edən türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl bildirib ki, vəziyyətin bundan sonra daha da qəlizləşməsi açıq müharibə deməkdir:
“HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən sonra gərginlik kəskinləşdi. Hətta bundan sonra İranın Ali Rəhbəri Ayətullah Xamenei İsrailə hücum edəcəklərini bildirdi. Eyni zamanda İrana yaxın qruplardan da İsrailə qarşı hücum ehtimalları yüksəkdir. Bölgədə gərginlik getdikcə artmaqdadır. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana və Azərbaycan ziyarəti kontekstində də söyləmək mümkündür. Amerikanın açıq formada İsrailə dəstək göstərməsi bölgədəki gərginliyi maksimal həddə çatdırır. Digər tərəfdən İsrailin, xüsusilə də Netanyahu hakimiyyətinin törətdiyi qətliamlar beynəlxaq hüquqa ziddir. Bu da təhlükəli məsələlərdən xəbər verir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) İsrail ciddi şəkildə tənqid olundu. Eyni zamanda beynəlxalq ictimaiyyət İsraildən qətliamlara son qoymasını və ikili dövlət sistemini qəbul etməsini təklif edir”.