Hesablama Palatası Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının (Qəbələ rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə) auditi üzrə kənar dövlət maliyyə nəzarəti tədbiri aparıb.
Bu barədə Palatadan bildirilib.
Nəzarət tədbiri kənar dövlət maliyyə nəzarətinin obyektində (obyektlərində) dövlət vəsaitlərinin, dövlət əmlakının idarə olunması vəziyyətinin hüquqi aktlara uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə həyata keçirilib.
Audit layihənin başlanma tarixindən 01.01.2024-cü il tarixinədək olan dövr əhatə olunmaqla 17.04.2024-cü il tarixindən 30.04.2024-cü il tarixinədək olan müddətdə keçirilib. Auditlə “Qəbələ rayon Mərkəzi Xəstəxanasının tikintisi” layihəsi üzrə dövlət əsaslı vəsait qoyuluşundan müvafiq sərəncamlarla ayrılan ümumilikdə 46631,0 min manat məbləğində vəsait əhatə olunub.
“Qəbələ rayon Mərkəzi Xəstəxanasının tikintisi” layihəsi üzrə obyektin 160 çarpayılıq nəzərdə tutulması ilə bağlı əhalinin sayı, çarpayı yeri, tibbi kadrlarla təminat və səhiyyə strukturunun düzgün optimallaşdırılması barədə məlumatlar, layihənin başlandığı illərdə onun qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri, Dövlət İnvestisiya Proqramına daxil edilməsi üçün yeni layihələndirilən obyektlər üçün layihə-smeta sənədlərinin və ya texnikiiqtisadi əsaslandırmaların aparılmaması “Səhiyyə Sektorunda İslahatlar Layihəsi”nin beynəlxalq ekspertlərinin tövsiyələrinin nəzərə alınmaması ilə yanaşı, “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə riayət edilməməsi ilə nəticələnib.
“Qəbələ rayon Mərkəzi Xəstəxanasının tikintisi” layihəsinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə “Tədbirlər Planı”nı ilə müəyyən edilmiş başa çatdırılması müddətinə əməl olunmaması layihənin icrasının gecikməsinə və layihənin icrasına müvafiq illərdə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən vəsaitin ayrılması və maliyyələşməsi məqsədi ilə əsaslandırmaların yetərli olmaması isə layihənin ümumi dəyərindən çox vəsaitin tələb olunmasına səbəb olub.
Tikinti norma və qaydaları ilə müəyyən edilmiş tələblərə riayət edilməyərək “Qəbələ rayon Mərkəzi Xəstəxanasının tikintisi” layihəsinin 1-ci və 2-ci mərhələləri üzrə smeta və satınalma müqaviləsində nəzərdə tutulan işlərin bəzilərinin həcmlərinin yerinə yetirilmiş işlərin qəbulu aktlarına az daxil edilməsi və bəzi işlərin isə tamamilə yerinə yetirilməməsi, əvəzində smeta və satınalma müqaviləsində nəzərdə tutulmayan və dövlət ekspertizasından keçməyən işlərin yerinə yetirilməsi tikinti sahəsini tənzimləyən qanunvericiliklə yanaşı dövlət satınalmalarını da tənzimləyən hüquqi sənədlərin tələblərinin də pozulması ilə nəticələnib.