Dünya birjalarında neft ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,44 dollar azalaraq 76,37 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,48 dollar azalaraq 73,04 dollar təşkil edib.
Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, neftin qiyməti 3 iyun tarixindən bu yana ilk dəfə olaraq 77 dollardan aşağı göstəriciyə qədər ucuzlaşıb:
“Bunun iki əsas səbəbi var. Birincisi, Çində daha zəif iqtisadi gösəricilərdir. İkincisi isə Şimali Amerikada və Avropada iqtisadi göstəricilərin proqnoz göstəricilərindən daha az olmasıdır. Yəni sənayə məhsulu az istehsal edilir. Bunun üçün də enerji əvvəl nəzərdə tutulduğu qədər tələb edilmir. Ümumilikdə isə bazarda neft bolluğudur. Bazara kifayət qədər xam neft çıxarılır və bu da hazırda yay vaxtı qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. Burada hava şəraiti də öz rolunu oynayır. Bütün Şimal yarımkürəsində hava əvvəlki kimi soyuq keçmir. Yəni enerjiyə tələbat yoxdur. Enerjiyə artan tələbatı qarşılamaq üçün isə hər il daha çox yaşıl enerji mənbələri istifadəyə verilir. Onların hesabına müəyyən hissəsi qarşılanır. Qarşılandığı üçün xam neftə ehtiyac əvvəlki səviyyədə deyil. Hətta Beynəlxalq Enerji Agentliyinin açıqlaması var idi ki, 2030-cu ildən neftə olan qlobal tələbat aşağı enəcək. Ola bilsin ki, 2029-cu ildən istehlak pik nöqtəyə çatsın. Çünki nəqliyyat sektorunda və məişətdə azalır. Enerjidən daha rasional istifadə etmək ənənəsi, coğrafiyası genişlənir və məişət mallarının enerjiyə enerji tutumluluğu azalır. Əvvəl televizor 150 VT ilə işləyirdisə, indi daha böyük ekran ölçülü televizorlar 75-80 VT ilə işləyir. Bu kimi amillər qiymətə təsir edir”.