Piyadalar böyük çətinliklərlə qarşılaşır -EKSPERT

Bakıda  səkilərin  əksəriyyəti standarlara uyğun qurulmur


Keçmiş Cavanşir körpüsünün davamı olan Üzeyir Hacıbəyli küçəsində səkinin eni  təxmini 25 metr təşkil edir. Bulvar və parkların ətrafını istisna etsək, nadir haldır ki, küçədə avtomobillər üçün ayrılmış yol sahəsi səkidən iki dəfə kiçikdir.
 Keçən əsrin ortalarında Bakıda və digər şəhərlərdə (misal üçün, Mingəçevirdə), geniş səkilər salınan küçələrin sayı çox idi. Lakin onların bir çoxu ya obyektlər tikildi, ya parkinqə çevrildi, ya da çoxmərtəbəli evlər tikildi.
 Bu cür səkilər Bakıda çox azdır, biz onları qorumalıyıq. Burada hətta kiçik ictimai məkanlar yaratmaq, əlavə ağaclar əkmək olar.

Nəqliyat eksperti İlqar Hüseynli isə “Sherg.az”a açıqlamasında Bakıda səkilərin böyük əksəriyyətinin standarlara uyğun  olmadığını deyib: 

“Dünyanın bir çox şəhərində nəqliyyat infrastrukturunun qurulmasında piyada yönümlü layihələrə üstünlük verilir. Son illər Bakıda da yol və küçələrin salınması zamanı nəzər alınan əsas amil piyada rahatlığının təmin edilməsidir. Bu çox sevindirici və təqdirəlayiq haldır. Səkiləri dünya standartlarına uyğunlaşdırmağa ehtiyac var. Səkidə tranzit zona anlayışı olmalıdır. Piyadalar üçün nəzərdə tutulan səkidə heç bir qurğu qurula bilməz. Digər sahələr bufer zonadır. Orada yol nişanları qoyula, ağac əkilə bilər və digər kommunikasiya elementləri də ola bilər. Bazar iqtisadiyyatı dövründə ictimai-iaşə obyektlərinin terrası da səkinin buferi zonasına qədər olmalıdır. Çox təəssüf ki, ötən illərdə paytaxt Bakının mərkəzi ünvanlarında – bir çox küçə və prospektlərdə piyadalar üçün nəzərdə tutulmuş səkilər ayrı-ayrı şəxslər, sahibkarlıq subyektləri, şirkətlər, işbazlar tərəfindən zəbt olunub. Belə vəziyyət həmin səkilərlə təhlükəsiz şəkildə hərəkət etməli olan piyadalara böyük çətinliklər yaradır.
Piyadalar öz həyatlarını təhlükə altına atır, məcburiyyət qarşısında qalıb avtomobil yoluna çıxır, maşınların arası ilə hərəkət etməli olurlar. Bu isə onlarla yanaşı, sürücülər üçün də böyük təhlükə yaradır. Fiziki məhdudiyyəti, əlilliyi olan, əlil arabasında gəzən, yaxud azyaşlı övladını uşaq arabasında gəzintiyə çıxaran valideynlər üçün səkilərin zəbt edilməsi, müyəssərliyin pozulması daha böyük çətinliklər yaradır".