Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Marqara-Alican keçid məntəqəsinin ermənilərə məxsus hissəsinin təmirini başa çatdırıb.
Bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, keçid məntəqəsi üçüncü ölkə vətəndaşlarına və diplomatik pasportu olan şəxslərə xidmət göstərməyə hazırdır və Ankaradan da analoji addım gözləyirik.
Sözügedən prosesin bir müddətdir davam etdiyini bildirən siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a söyləyib ki, bu yaxınlarda Serdar Kılıç və Ruben Rubinyan Alican-Marqara sərhəd keçid məntəqəsində görüşdülər:
“Türkiyə və Ermənistanın Xüsusi Nümayəndələri iki ölkə arasında diplomatik pasport daşıyanlar üçün viza sadələşdirilməsinə razılaşdılar. Hesab edirəm ki, iki ölkə arasında normallaşma prosesinin davam etməsi gözləniləndir. Türkiyə-Ermənistan sərhəddi Ermənistanın Azərbaycana təcavüzü və Qarabağ torpaqlarını işğal etməsinə görə bağlanmışdı. Artıq Qarabağ işğaldan azad olunub. Sadəcə olaraq Azərbaycanla Ermənistan sülh sazişinin razılaşdırılması mərhələsindədir. Ona görə də Türkiyə və Ermənistan arasında danışıqların davam etməsi və qarşıya qoyulan hədəfin baş tutması mümkündür. Azərbaycan və Türkiyə tərəfi dəfələrlə bəyan ediblər ki, proseslərin aparılması zamanı iki ölkə arasında məsələlər kordinasiya olunur. Rəsmi Ankaranın bir müddət Ermənistanla sərhəd keçid məntəqəsini bağlama ehtimalı da var. Çünki Azərbaycanla Ermənistanın normallaşma mərhələsi tamamilə həll olunmayıb”.