Sumqayıtda qidadan zəhərlənən ana və azyaşlı evə buraxılıb.
APA-nın sorğusuna cavab olaraq mərkəzdən bildirilib ki, avqustun 4-də Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına, qadının övladı - 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) isə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım bölməsinə dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə daxil olublar.
Hər iki şəxs müvafiq tibbi müdaxilələrdən sonra vəziyyətləri stabil qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, ətdən zəhərlənmə nadir hallarda olur:
“Çünki ət zəhərlənmə həddinə çatanda pis qoxu verir. Hətta heyvanlar belə o ətə yaxın gəlmir. Bunu ət məhsullarından hazırlanan kolbasalar və sosislərə də aid etmək olar. Onların bəziləri çox kimyalaşaraq həddindən artıq dozanı keçən miqdarda istehlak olsa insan zəhərlənə bilər. Bütün ədəbiyyatlarda ət məhsullarının tərkibinə vurulan kimyəvi maddələrin dozası yazılır. Ancaq heç kəs bilmir ki, hansı dozada insan istehlak etsə bundan zəhərlənə bilər. Bu və buna bənzər bir çox faktlarda istehlakçıların sağlamlığının qeydinə qalmaq deyil, pul qoparmaq məsələsi ön plandadır. Biznes qurumları və biznes qurumlarını dəstəkləyən insanların əsas məqsədi isteklakçıdan pul qoparmaqdır. Öncədən deyirəm ki, Sumqayıtdakı hadisənin nəticəsini Qida Təhlükəsizliyi Agentliyi deyəcək ki, istehlakçının hazırladığı maldan zəhərlənmə baş verib. Sənayə üsulu ilə istehsal edilmiş heç bir malın zəhərlənmədə adı çəkilməyəcək. Çünki sənaye üsulu ilə istehsal edilmiş mallar AQTA-nın nəzarəti altındadır və reyestrə daxil olublar. Azərbaycanda reyestrə daxil edilmiş malları heç bir dövlət qurumu inkar edə bilmir. Ölkədə bu məsələ ciddi problemdir”.