Sülh sazişinin imzalanması qaçılmazdır -ŞƏRH

Şarmazanovlar, keşiş Baqrat kimi qiyamçılar bu prosesi əngəlləyə bilməyəcəklərini dərk etməlidirlər


Ucuz qaz istehlak edəndə və ya atom elektrik stansiyası üçün yanacaq alanda niyə Rusiyanın təsirini xatırlamırsınız?
Bu sözləri Ermənistan parlamentinin müxalifətdən olan deputatı Eduard Şarmazanov Rusiyanın ölkəyə mənfi təsirləri haqda suala cavabında deyib.
O bildirib ki, Ermənistanda mövcud ciddi təhlükəsizlik vəziyyəti Rusiyanın təsirinin deyil, Paşinyanın Qərbin təkidi ilə 10 noyabr tarixli üçtərəfli bəyanatdan imtina etməsinin nəticəsidir. Onun fikrincə, Paşinyan üçtərəfli bəyanatdan imtina etməsəydi, hazırda Qarabağ “ermənilərin olacaqdı”.

Politoloq Qabil Hüseynli isə “Sherg.az”a açıqlamasında deyib ki,  Qarabağın işğaldan azad edilməsini, ermənilərin bölgəni birdəfəlik tərk etməsi reallığını hələ də həzm edə bilmir:

 “ Ölkədə əks düşərgənin, əsasən, Rusiyaya yaxın şəxslərdən ibarət olduğu məlumdur. Bu kəsim qəbul etmək ya da anlamaq istəmir ki, Cənubi Qafqazda yeni reallıqlar Nikol Paşinyanın üçtərəfli bəyanatdan imtinası yox, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməsi nəticəsində formalaşıb.
Azərbaycan Ermənistanın işğalına son qoymaqla beynəlxalq hüququn təmin olunmasına və tarixi ədalətin bərqərar olmasına nail olub. Ermənistan müxalifəti də  bu reallıqla barışmalı və sülhə mane olmaq xəttindən əl çəkməlidir.
Düzdür, hazırda Erməni müxalifətinin etirazları Azərbaycanla sülh müqaviləsinin imzalanmasını təxirə salmağa şərait yaradıb. Yəni, erməni hakimiyyəti daxili təzyiqlərə görə, Bakı qarşısında, müəyyən qədər dirəniş göstərə bilib. Lakin  Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması qaçılmazdır. Şarmazanovlar, keşiş Baqrat kimi qiyamçılar bu prosesi əngəlləyə bilməyəcəklərini dərk etməlidirlər. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına hazırda mane olan əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalardır. Azərbaycan tərəfindən Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi tələbi gündəmdədir”.