“Rusiya sərhədçiləri təkcə İrəvanın “Zvartnots” hava limanından yox, həm də Arazdəyən (Naxçıvanla sərhəd – red.) kəndindən çıxarılırlar”.
Bunu erməni siyasətçi Edqar Kazaryan deyib.
Onun sözlərinə görə, Kərki kəndinin də daxil olduğu Ararat bölgəsinin Paruyr Sevak icmasında yerləşən rus bazası da fəaliyyətini dayandırıb:
“Bu baza azərbaycanlıların Kərki və Arazdəyənlə bağlı hərbi əməliyyat keçirməyəcəyinin yeganə zəmanətçisi idi. Əgər Rusiya sərhədçilərinin buradakı varlığı aradan qalxsa, Kərki və Arazdəyən düşmənə verilmək üçün hazır olacaq”.
Kazaryan absurd şəkildə iddia edib ki, guya bu istiqamətdə Azərbaycanın tank diviziyası var və onlar Ermənistana hücum edə bilər.
Qeyd edək ki, Azərbaycan Ermənistana hücum etmək planının olmadığını dəfələrlə bəyan edib. Kərki kəndi isə beynəlxalq hüquqa əsasən Azərbaycan torpağıdır, İrəvan o ərazini təhvil verməlidir.
Siyasi şərhçi Azər Rəşidoğlu “Sherg.az”a söyləyib ki, 32 il bundan əvvəl imzalanmış sazişə əsasən, Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədlərini, eləcə də “Zvartnots” beynəlxalq hava limanının təhlükəsizliyini qorumaqla məşğul olub:
“Bir müddət öncə Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin 2024-cü il avqustun 1-də hava limanını tərk edəcəyini bildirmişdi. Protokolda, həmçinin qeyd olunur ki, Ermənistan tərəfi “Zvartnots” hava keçid məntəqəsində sərhəd nəzarətinin təmin edilməsi üzrə uzunmüddətli birgə xidmətə görə Rusiya tərəfinə təşəkkür edir. Bundan başqa, sənəddə yerli hakimiyyətin Rusiya tərəfinə qarşı heç bir şikayətinin olmadığı da öz əksini tapıb. Ermənistan mediası ölkədən çıxan rus sərhədçilərinə iki istiqamətdə xidmətə göndərilməsi üçün tapşırıq verildiyini yazır. Sərhədçilərin bir hissəsinin Ermənistanın Türkiyə ilə, digər hissəsinin isə İranla sərhəd xətti boyu yerləşdiriləcəyi planlaşdırılır. Xatırladaq ki, İrəvan hələ neçə ay bundan əvvəl “Zvartnots” hava limanına nəzarəti tam ələ almaqdan ötrü Moskvaya rəsmi məktubla müraciət etmişdi. Kreml əvvəlcə bu məsələ ilə razılaşmadığını açıqlasa da, danışıqlar nəticəsində rus hərbçilərinin hava limanını sadəcə Ermənistanın sərhəd zolağında xidməti davam etdirəcəyi təqdirdə tərk etməsi şərtini irəli sürüb. Rusiya sərhədçilərinin beynəlxalq statuslu “Zvartnots” hava limanından tez zamanda çıxmasını istəyən baş nazir Nikol Paşinyanın sonda Kremlin bu şərti ilə razılaşmaq məcburiyyətində qalıb”.
Ekspert vurğulayıb ki, Ermənistan Rusiyanın özündən başqa sərhədçilərinin yerləşdiyi yeganə ölkədir:
“Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları saxlayan Ermənistan bu ölkə ilə sərhədlərini qorumağı Rusiyaya həvalə edib. Görünür, İrəvan nə vaxtsa Ankaranın bu iddialara adekvat reaksiya verməsi ehtimalından ehtiyatlanıb. Uzun illər Rusiyanın forpostu funksiyasını yerinə yetirmiş Ermənistan həm də Moskvanın strateji maraqları ilə hesablaşmalı olduğu üçün sərhədləri təhvil verməli olub. Bunu Türkiyədən fərqli olaraq İrəvanın çox yaxşı münasibətlərdə olduğu İranla və qismən Gürcüstanla sərhədlərin də Rusiya sərhədçilərinin əlində olması göstərir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsi 30 sentyabr 1992-ci il tarixli müqaviləyə uyğun olaraq xidmət göstərir. Şöbəyə Gümrü, Armavir, Artaşat və Mehridə, həmçinin Zvartnots hava limanında nəzarət-buraxılış məntəqəsi daxildir. Onların saxlanması hər iki dövlət tərəfindən paritet əsasda təmin edilir”.
Analitik bildirib ki, hazırda Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədinin 333 km, Gürcüstanla sərhədin 42 km (ümumi 260 km-dən), İranla sərhədin 125 km hissəsini mühafizə edir:
“Hələ 2021-ci ilin mayında Ermənistan hökumətinin iclasında Rusiya FTX-nin sərhəd idarəsinə Sünik vilayətində (Zəngəzur) ümumi sahəsi 3,5 hektar olan torpaq sahəsinin pulsuz istifadə hüququ ilə ayrılması barədə qərar qəbul edilib. Ermənistan hökumətinin bu qərarı 44 günlük müharibədən sonra Ermənistanın cənub-şərq sərhədlərinin möhkəmləndirilməsi zərurəti yaranması ilə əlaqədardır. 30 il davam edən işğal dövründə burada heç bir sərhəd infrastrukturu mövcud olmayıb. Rusiya sərhədçilərinin ölkənin digər ölkələrlə sərhədlərini qoruması Ermənistana bütün ordusunu şərq istiqamətində - Azərbaycana doğru yerləşdirməyə imkan vermişdi. Son müharibədən və sentyabrdakı əməliyyatlardan sonra formalaşmış yeni reallıqlar isə vəziyyəti kökündən dəyişib. Artıq İrəvanın Ukrayna ilə müharibədə zəifləyən, müəyyən qədər uğursuzluqlara düçar olan və ermənilərin təbirincə, Azərbaycanla müharibədə Ermənistana kömək etməyən Rusiyaya, onun hərbçilərinə ehtiyacı yoxdur. Zvartnotsdan Rusiya sərhədçilərinin çıxarılmasından sonra 102-ci bazanın Ermənistanı tərk etməsi və KTMT ilə yoları ayırmaq gündəmə gələ bilər. Bu, Moskva və Paşinyan hakimiyyəti arasında mübarizənin nəticəsindən asılı olacaq”.