Sülh Zəngəzur dəhlizində ilişib -ŞƏRH

ABŞ və Azərbaycanın strateji maraqları üst-üstə düşür
 
Ona görə də Azərbaycanın və Türkiyənin tələb etdiyi Zəngəzur dəhlizinin açılmasını artıq ABŞ özü Ermənistandan tələb edir
 
 
 Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması planlarının vacib hissəsidir. Bunu britaniyalı jurnalist Onnik Krikoryan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması barədə danışarkən deyib. Jurnalist qeyd edib ki, hazırda məsələ sərhəddən keçidin yalnız xüsusi nümayəndələr üçün deyil, adi vətəndaşlar üçün də nə zaman normaya çevriləcəyi ilə bağlıdır. Eyni zamanda Krikoryan görüşün münasibətlərin normallaşması ərəfəsində simvolik xarakterli olduğunu deyib. Onun fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında irəliləyiş Ermənistan-Azərbaycan münasibətlərinin inkişafı ilə sıx bağlı olub və belə də qalmaqdadır. Münasibətlərin normallaşmasının hər hansı iqtisadi faydalarına gəlincə, bəziləri hesab edirlər ki, heç bir fayda olmayacaq və Ermənistan hətta əlverişsiz vəziyyətə düşə bilər: "Ancaq gələcəkdə Ermənistanın Türkiyəyə elektrik enerjisi satması da daxil olmaqla bəzi faydalar ola bilər". Krikoryan qeyd edib ki, Ermənistan Rusiyadan uzaqlaşmaq üçün üzünü Qərbə tutub. Buna görə də Türkiyə ilə münasibətlərin normallaşması təkcə İrəvan üçün deyil, ABŞ üçün də inanılmaz dərəcədə vacibdir, çünki xüsusilə bu ölkə Rusiyanı bölgədən sıxışdırmağa çalışır. Ekspertin sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib ki, həm Ermənistan-Türkiyə, həm də Ermənistan-Azərbaycan münasibətləri normallaşarsa, rəsmi Ankara regionda yeni dominant oyunçu olmaq üçün əsas namizəd olacaq: "ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn iyul ayında həm İrəvanda, həm də Bakıda bu iki prosesi məhz belə nəzərdən keçirdiyini açıq şəkildə deyib: bu proseslər bir-biri ilə əlaqəlidir, ona görə də İrəvanı inandırmağa çalışıb ki, Azərbaycanla Naxçıvan arasında əlaqə yaradılması vacibdir". Xatırladaq ki, ötən gün Ermənistan-Türkiyə sərhədində xüsusi nümayəndələr - Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşü keçirilib. Görüşdə hər iki ölkənin rəsmiləri iki ölkə arasında rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarının sadələşdirilməsinə dair razılıq əldə olunub. Bundan əvvəl xüsusi nümayəndələr iki il əvvəl Vyanada görüşmüşdülər.

 Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Türkiyə Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla paralel aparır. Ekspertin sözlərinə görə, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqelərini kifayət qədər zəiflədəcək: 

"İkitərəfli əlaqələrin inkişafı İranın mane olduğu Zəngəzur dəhlizinin açılması ilə nəticələnə bilər. Məhz qardaş Türkiyənin Azərbaycana hərtərəfli dəstəyi nəticəsində ölkəmizə təzyiqlərin, təhdidlərin qarşısı alındı. Azərbaycan öz silahlı qüvvələri ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Xarici təhdidlər məhz Türkiyə faktoruna görə neytral qaldı. Yoxsa Rusiya 2016-ci il aprel döyüşlərində olduğu kimi irəliləyişimizə imkan verməyəcəkdi. Bizə nə İsrailin, nə də Pakistanın Türkiyə qədər dəstəyi olmayıb və olmayacaq. Türkiyə işğal faktoruna görə, Ermənistanla sərhədləri bağlayıb. İşğal ortadan qalxıb və Ermənistanla sərhədlərin açılmasında problem də aradan qalxib. Cənab Prezident İlham Əliyev işğal faktoru aradan qalxdığı üçün Türkiyənin Ermənistanla normallaşma prosesində problem olmadığını qeyd etmişdi. Buna baxmayaraq, qardaş Türkiyə Ermənistanla əlaqələrin inkişafını Azərbaycanla kordinasiyalı aparıldığını elan etdi".

 Analitikin fikrincə, Cənubi Qafqazda formalaşmış yeni geosiyasi nizamda Türkiyə ABŞ ilə birgə əməkdaşlıq edir: 
"Əsas məsələ Türkiyə-Ermənistan əlaqələrinin bərpası, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi və Zəngəzur dəhlizinin açılmasıdır. ABŞ-nin regiona yanaşması praqmatikdir və Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir. Çünki Vaşinqton Orta Asiyaya açılım siyasətini və yüklərin Zəngəzur yolu ilə daşınmasını strateji hədəf hesab edir. Yəni bu məsələdə ABŞ-Azərbaycan maraqları üst-üstə düşür. Ona görə də Azərbaycanın və Türkiyənin tələb etdiyi Zəngəzur dəhlizinin açılmasını artıq ABŞ özü Ermənistandan tələb edir".