Paytaxtın Əsəd Əhmədov küçəsində (Yeni Yasamal) qəza baş verib.
Axar.az xəbər verir ki, ilkin məlumata görə, yol kənarında park edilən marşrut avtobusu enişə doğru axıb, nəticədə qarşısına çıxan və yol kənarındakı ümumilikdə 20-yə yaxın maşını əzib.
Şahidləri bildiriblər ki, avtobusun çırpıldığı maşınlardan biri - “Toyota” zərbənin təsirindən alışıb.
Faktla bağlı araşdırma aparılır.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, qanunvericilik normalarında bu kimi halların qarşısını almaq üçün hər şey nəzərdə tutulub:
“Bəzən texnika və dəmirə görə qəzalar baş verir. Ancaq hadisənin baş vermə səbəbini araşdırsaq görərik ki, sürücü yuxusuz olduğuna və ya digər səbəblərə görə günahkardır. Hər bir hal üçün qanunvericilik nəzərdə tutulub. Hər gün reysə çıxmadan öncə nəqliyyat vasitəsi, avtobus texniki baxışdan keçməlidir. Texniki baxışdan keçib təsdiqləndikdən sonra reysə çıxa bilər. Bu qəzada reys öncəsi texniki baxışın olub-olmadığını bilmirəm. Sürücü tibbi baxışdan keçərək arayış almalıdır. Yəni bu da sürücünün ayıq olduğunu, sərxoş olmadığını və psixotrap maddələr qəbul edib-etmədiyini göstərir. Bunların hər biri qaydasında olsa, qəza halları çox gec baş verər. Son vaxtlar belə hadisələrin tez-tez baş verməsi məsuliyyətsizliyin olduğundan xəbər verir”.