Vəzifədən çıxan icra başçıları yalan danışır -ŞOK AÇIQLAMA
 -

Heç biri əmlakının, mülklərinin, qeyri-qanuni biznesinin olmadığını iddia edə bilməz
“Bu qədər insanın haqqını tapdala, ye, dağıt, ölkəyə, dövlət büdcəsinə, xalqa zərər vur, sonra da Quran oxumağa başla, əməli saleh müsəlman kimi davran. Yox belə qayda!”
“İnsanların ahını almaq, insanları bir parça çörəyə möhtac qoymaq, qeyri-insani  yanaşmaq, dövləti vəzifədən sui-istifadə edib varlanmaq, haramdır. O haramı heç kim sonadək yeyə bilməz”
 
  Vəzifəsindən azad edilən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun səhhətində problem yaranıb. Bu barədə Manset.az-a açıqlamasında Tofiq İbrahimov özü məlumat verib. O qeyd edib ki, bir neçə dəfə əməliyyat olunub: “Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirəm. Türkiyədə əməliyyat olunmuşam, vəziyyətim çox pisdir. Hazırda müalicəm davam edir, nə olacağını bilmirəm”. Sabiq başçı guya ona məxsus əmlaklarla bağlı bir sıra saytlarda yayılan məlumatları yalan adlandırıb: "O, tamamilə yalan məlumatdır. Mənim o boyda əmlakım haradan ola bilər? İki min baş camışı otarmaq üçün nə boyda örüş sahəsi lazımdır. Mən əməliyyat olunanda uşaqlarım yanıma gəlmişdi. Həmin vaxtı onlar hoteldə qaldılar. Mənim o boyda mülklərim varsa, övladlarım niyə hoteldə qalırdılar? Bu məlumatı neçə il öncə Sənan adlı jurnalist yazmışdı. İndi o, həbsdədir. Götürüb illər əvvəl onun yazdığı yalan informasiyanı yenidən tirajlayırlar. Bunlar Allahdan qorxmurlar? Yazdıqları mülklərin mənə və ya yaxınlarıma məxsus olduğunu sübut etsinlər. O əmlakları onlara bağışlamasam, kişi deyiləm”.

 Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, vəzifədən kənarlaşdırıldıqdan sonra bir çox məmurlar bənzər açıqlamalar verir, xəstə olduqlarını, var-dövlətə sahib olmadıqlarını iddia edirlər:
- Konkret bu şəxslə bağlı məlumatlı deyiləm. O da çoxsaylı icra başçılarından biri idi. Bizim sahə ilə bağlı hər hansı fəaliyyətinə rast gəlməmişəm deyə, maraq dairəmdə olmayıb. Açıqlamasında bildirir ki, onkoloji xəstədir. Mümkündür. O da insandır, xəstələnə bilər, əməliyyat oluna bilər. Bunlar hər bir insanın başına gələ biləcək hadisələrdir. Ola bilsin, vəzifədə olduğu müddətdə xəstəliyini ictimailəşdirməyib. İnsandır, çoxumuz belə edirik. Məsələn, özüm haqqında deyim ki, “canım çıxsa da” bunu açıqlamıram, faş etmirəm. Amma əmlak məsələsinə gəlincə, vəziyyət dəyişir.

 A.Həsrət qeyd etdi ki, heç bir icra başçısı əmlakının, mülklərinin, qeyri-qanuni biznesinin olmadığını iddia edə bilməz:
- Buna Azərbaycanda kimsə inanmaz. Hansı rayonda hansı örüş sahələri, hansı fermalar, hansı tarlalar, hansı obyektlər icra başçılarınındır, rayon camaatının hamısı çox yaxşı bilir. Onların danmağı ilə deyil ki! Fermerlər il uzunu susuzluqdan əziyyət çəkir, kəndli bostanını suvara bilmir, çünki su ehtiyatları yalnız icra başçısının, hansısa digər vəzifəli şəxslərin həyətinə, bağçasına, bostanına, tarlasına axıdılır. Ona görə də “əmlakım yoxdur”, “mülklərim nə gəzir?!” deyə heç bir icra başçısı iddia etməsin. Onların demək olar hamısının mülkü də var, var-dövlətə də sahibdirlər, qanundan kənar əmlakları, qeyri-qanuni biznezləri var. Kimsə deməsin ki, quruca maaşa işləyib. Bunu da istisna etmirəm ki, Ağdaş rayonunun sabiq icra başçısının əmlakları ilə bağlı şişirdilmiş məlumatlar yayılıb. Bəlkə o qədər əmlaka sahib deyil, amma “heç nəyim yoxdur, bir həsirəm, bir məmmədnəsir” də deməsin, bu, keçərli olmayacaq.  

 A.Həsrət vəzifədən kənarlaşdırılan məmurların bəzilərinin bilərəkdən yazıq, fağır, hətta imanlı insan obrazı yaratmağa çalışdıqlarını dedi:
- “Vurulduqdan” sonra bir çoxları özlərini cəmiyyətə yazıq təqdim etməyə çalışırlar. Ona görə edirlər ki, cəmiyyətin onlara yazığı gəlsin, görsünlər əziyyət çəkir, üstünə getməsinlər. Hətta bəziləri dönüb olur “mömin müsəlman”. Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədən çıxarıldıqdan sonra bəyan etdi ki, Quran oxumağa başlayıb. Sən bu qədər insanın haqqını tapdala, ye, dağıt, ölkəyə, dövlət büdcəsinə, xalqa zərər vur, sonra da Quran oxumağa başla, əməli saleh müsəlman kimi davran. Yox belə qayda! Bilsinlər ki, etdikləri yanlarına  qalan deyil. Kimə nə ediblərsə, 5 qatını yüklənəcəklər, cəzalarını mütləq alacaqlar. İnsanların ahını almaq, insanları bir parça çörəyə möhtac qoymaq, qeyri-insani  yanaşmaq, dövləti vəzifədən sui-istifadə edib varlanmaq haramdır. O haramı heç kim sonadək yeyə bilməz. Hətta layiq olmadığı halda vəzifə tutanlar var, zəbt etdikləri haqları salamat yeyə bilməyəcəklər.