Şoyqunun səfərində müəyyən razılıq əldə edilib -ŞƏRH

İran Rusiyadan strateji silahların alınmasını planlaşdırır
 
 
 Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Bakıya gəlməzdən əvvəl İrana səfər etməsi diqqət çəkir. İran-İsrail gərginliyinin artdığı bir vaxtda Tehran və Moskva arasında müzakirə edilən məsələlər maraq doğurur. Şoyqu səfər çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və Prezident Məsud Pezeşkianla görüşlər keçirib. Danışıqlar zamanı təhlükəsizlik, ticarət-iqtisadi layihələr, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektləri müzakirə olunsa da, Tehranın Moskvadan konkret istəklərinin olduğu məlumdur.
 
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, indiki məqamda İran Rusiyadan strateji silahların alınmasını planlaşdırır. Ekspertin sözlərinə görə, Tehran Moskvanın “Su-35” qırıcıları, hava hücumundan müdafiə sistemləri, radar qurğuları tədarük etməsini istəyir: 

"Bu istiqamətdə tərəflər arasında vaxtaşırı görüşlər olsa da, görünür, Şoyqunun səfəri ilə müəyyən məsələlər ətrafında konkret razılıq əldə edilib. Düzdür, “Su-35” qırıcılarının İrana satışı hələlik real görünməsə də, yeni hava hücumundan müdafiə sistemləri, radar qurğularının tədarükünə dair razılığın olması istisna deyil. Rusiya indiki məqamda genişmiqyaslı İran-İsrail müharibəsinin olmasını istəmir. Prezident Vladimir Putin İranın dini lideri Ayətullah Xameneidən HƏMAS-ın siyasi liderinin Tehranda öldürülməsinə sakit cavab verməsini və İsrailin mülki obyektlərini hədəf almamağı xahiş edib. Total bir müharibə gərginliyin arealını genişləndirə, prosesə başqa oyunçuları cəlb edə bilər. Bu zaman Rusiya İranı qorumalı olduğu üçün prosesin böyüməsində maraqlı deyil. Digər tərəfdən, İran-İsrail gərginliyi Cənubi Qafqaza da sıçraya bilər.
Bununla belə, Yaxın Şərqdə gərginliyin müəyyən qədər artması, müharibə ritorikasının genişlənməsi Rusiyaya sərf edir".
 
Siyasi şərhçinin fikrincə, Rusiya bu yolla böyük ölçüdə silah satışı gerçəkləşdirə bilər: 
"İran artıq ilk addımı atır və Kremllə müəyyən silahların, qurğuların tədarükünə dair razılıq əldə edib. Bundan başqa, Moskva İran üzərindən “Hizbullah” və HƏMAS-a da silah tədarükü edə bilər. Beləliklə, Rusiya Qərbin sanksiyaları, habelə Ukrayna müharibəsinin vurduğu iqtisadi ziyanı kompensasiya etməyi düşünür. İran-İsrail gərginliyinin total müharibə fazasına keçməyib, qarşılıqlı diplomatik, habelə müəyyən mənada hərbi kontekstdə davam etməsi Qərbin, ABŞ-nin diqqətini bu regiona çəkə bilər. Bu zaman isə Rusiya Ukraynaya daha çox təzyiq edib, yeni ərazilər işğal edə biləcək ".