Sevgi öldürür

Məncə, hər birimizim həyatımızın mərkəzinə qoyduğu kimisə olur. Elə biri ki onun üçün hər şey edəcəyimizi düşünürük. Onun yanında özümüzü hamıdan güclü bilirik. Dünyanı dağıdacaq, dağı yerindən oynadacaq gücü hiss edirik özümüzdə. Elə gəlir ki, daha kimsə bizi məğlubiyyət edə bilməz. Unudulmaz, gələcəkdə həmişə xatırlayacağımız anlar yaşayırıq. 

 Bu, hər insanda olur. Bəzisində bir neçə ay çəkir, bəzisində illərlə. Amma haçansa elə, ya belə bitir. Necə deyərlər, ya zəlzələdən, ya da vəlvələdən. Qarşı tərəfin çıxıb getdiyi, özü də izahat filan vermədən, bəzən “sağ ol” da demədən çıxıb getdiyi vaxt çatır. Çox vaxt soyuqqanlı qarşılaya bilmirik. Qalxdığımız yüksəklikdən- göyün yeddinci qatından yerə çırpılırıq. Vəziyyəti dəyişməyə çalışırıq. Suallar bizə rahatlıq vermir. Əsas sual isə həmişə bu olur: “Niyə məni yarı yolda qoydu?” 

Bu suala uzun müddət, bir çoxumuz, bəlkə də, ömrümüzün sonuna qədər cavab tapa bilmirik. Çünki sual özü səhvdir. Əslində kimsə kimisə yarı yolda qoymur. Sadəcə olaraq yol qurtarır, hekayə bitir. 
Hər birimizin həyatında, yəqin ki, itki olub.

 Sevdiklərimizi itirmişik. Necə deyərlər, torpağa tapşırmışıq. Bu, onların bizi yarı yolda qoymaları demək deyil. Sadəcə olaraq qismət öz sözünü deyir. Həmin insanların bizim həyatımızdakı rolları bitir. Və biz hər nə qədər buna çalışsaq da, ilahi qüvvənin iradəsinə müdaxilə edə bilmirik. 

Məncə, həyatımızdan çıxan insanlarla bağlı da belə düşünmək lazımdır. Öləni diriltmək mümkün olmadığı kimi gedəni də qaytarmaq barədə düşünməmək lazımdır. Çünki bunu qarşı tərəf özü seçir. Və insan başqasının seçimlərini dəyişə bilməz. Bu, sadəcə mümkün deyil. 

Həm də çox sevdiklərinizin həyatınızdan çıxmasına təəccüblənməyin. Əlbəttə, istisnalar var, amma insanlar adətən sevildiklərindən əmin olduqları yerdə qalmırlar. Ona görə də gərək sevməyək. Sevsək də çox diqqətli olaq. Çünki sevgi öldürür.