Həyatı elə dəyişdi ki...


Atasının gətirdiyi bir şüşə sudan biznesini qurdu
 
 Sibel Gözüyuxarı Eyilər Türkiyənin Kırıkkale bölgəsindən bir ailənin ölvadı olaraq İstanbulda dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra memarlıq ixtisası üzrə ali təhsil alıb, təhsilini bitirdikdən sonra da ixtisası üzrə çalışıb. Atasının Kırıkkaledən İstanbula dönərkən evə duz gətirməsi isə Sibelin həyatında dönüş nöqtəsi olub. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən Sibel Eyilərin uğur hekayəsini təqdim edir. Sibelin atası baba yurdu Kırıkkaleyə tez-tez səyahət edir, qayıdanda oranın təbii qaynaqlarından əldə edilən duz də gətirib. Lakin bu duz kristal halda deyil, maye halda olub. Anası duz kristallaşsın deyə eyvanda qurudub. Sibelin diqqətini çəkən də bu olub; maye duzun günəş şüaları altında tədricən kristallaşması. Sibel atasından bu duzu haradan əldə etdiyini soruşub, Kırıkkalenin Dəlicə bölgəsindəki su qaynağından gətirdiyini öyrənincə ora getmək qərarına gəlib. Əvvəlsə atası da mayenin duz olduğunu bilməyib, günəş şüası altında parıldayıb bərkidiyini gördükdə, o da bununla maraqlanıb və təbii qaynaqdan çıxan mayenin tərkibində duz olduğunu öyrənib. Belə qərara gəliblər ki, bu duzdan istifadə etsinlər. Halbuki duzun orqanizmə zərərləri haqqında çox danışılır, duzdan istifadənin minimuma endirilməsi tövsiyə edilir. Lakin məsələyə elmi cəhətdən yanaşan Sibel təbii duzun faydalarını da öyrənib. Kırıkkaledə yerdən çıxan təbii duzun üstünlüklərinin çox olacağını bilən Sibel duz istehsalı müəssisəsi qurmağa başlayıb. Və ilk növbədə təbii duzun tərkibinin müəyyənləşməsinə nail olub. Məlum olub ki, Kırıkkalenin Dəlicə bölgəsində yeraltı qaynaqdan çıxan maye duz əsl qaynaq duzudur. Bu duz dünyada nadir rast gəlinən yüksək keyfiyyətli məhsuldur. Sibel daha da əmin olmaq üçün kristallaşmış duzdan  tədqiqat üçün elmi mərkəzlərə də göndərib. Elmi mərkəzlər də duzun keyfiyyətini, tərkibində minerallar olduğunu təsdiqlədikdən sonra əllərində bir cəvahir olduğunu yəqin ediblər. Bundan sonra isə ailə biznesi irəliləməyə başlayıb. Sibelin əməyi nəticəsində “Maye duz” satışına başlayıblar. “Maye duz” markasına sahibləniblər. Beləcə “maye duz” satış mərkəzlərinə “ayaq açıb”. Sibel Eyilər duz istehsalı barədə bunları deyib: “Yerdən çıxan maye duzu hovuzlara doldururuq. Burada 24 saat saxladıqdan sonra qurutma hovuzlarında quruduruq. Qurumuş duzu üyüdüb paketləyirik. Qoxusunu aradan qaldırdığımız, müxtəlif  ədviyyatlar qatılmış duzlarımız da var. Yod qatdığımız duzlar da var. Yod çox gərəkli maddədir. Sağlamlıq üçün önəmlidir. Duzdan uzaq qaçmaq lazım deyil. Qədərində və keyfiyyətli duzlardan istifadə etmək lazımdır. Yaxşı olar ki, insanlar yodlu duzdan istifadə etsinlər”.