Quru sərhədlər dekabrda açıla bilər -AÇIQLAMA

Yenə də bunun üçün geosiyasi vəziyyətin uyğunluğu əsas götürüləcək

  Gedişat onu göstərir ki, quru sərhədləri bu il də açılmayacaq. Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadıldığına dair ilin sonlarına yaxın növbəti qərar verəcək. İşartılar indidən görünür.  Bir müddət əvvəl, məhz beynəlxalq COP29 tədbirinin keçiriləcəyinə əsaslanaraq əhali güman edirdi ki, quru sərhədlər açıla bilər. Ümidlərsə yenə qırıldı.  Bakupost.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov qeyd edib ki, qarşıdan COP29 tədbiri gəlir. Bu, Azərbaycan tarixində ən böyük tədbirlərdən biridir. Bununla bağlı ciddi hazırlıqlar gedir. İndiyə qədər sərhədlər bağlı qalıbsa, həmin ərəfədə açılması əlavə yüklənmə yarada bilər. Turizmdə nəzarət, təhlükəsizlik məsələləri çox önəmlidir. Ona görə də COP29-a qədər quru sərhədlərin açılması gözlənilən deyil. Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il 11-22 noyabrda Azərbaycanda keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 80 minə yaxın qonağın iştirakı gözlənilir. Belə bir mötəbər tədbirlə bağlı, əlbəttə, təhlükəsizlik üst səviyyədə olmalıdır. Bəs COP29-dan sonra, quru sərhədlərin açılması mümkün görünürmü? 
  
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, quru sərhədlərin artıq 4 ildir bağlı qalmasının ən böyük zərəri turizmə, iqtisadiyyata dəyir: 

- Bu, məlum məsələdir. Quru sərhədlər bağlıdırsa, turist axınına da mənfi təsir edir, iqtisadiyyata da müəyyən mənada ziyan vurur. Yüklərin avtomobil yoluyla, gömrük-keçid məntəqələrindən daşınmasına əngəl yaranır, əhalinin gəlirləri azalır. Bəlkə də, ən əsas zərbə yaxın qohumları, ailə üzvləri qonşu dövlətlərin ərazisində yaşayan, təhsil alan, işləyən şəxslərə dəyir. İnsanlar arasında rabitə qırılır, ünsiyyət sıfıra enir. Amma bütün bunlarla yanaşı, bizim vətəndaş olaraq ilk vəzifəmiz, əlbəttə ki,  dövlət siyasətini dəstəkləməkdir. Bütün çətinliklərə baxmayaraq, rəsmi qaydada quru sərhədlərin açılması məqsədəuyğun sayılmırsa, deməli, buna əsaslı səbəblər var. Quru sərhədlərin bağlı saxlanmasını pandemiya ilə, yoluxucu xəstəliklərlə  əlaqələndirmək artıq absurd görünür. Burada əsas siyasi səbəblərdir və kimsə bunu görməzdən gələ bilməz. Hesab edirəm ki, quru sərhədlərin bağlı saxlanması sosial-iqtisadi səbəblərdən kənardır və bu, məhz geosiyasi vəziyyətə görədir. Regionda cərəyan edən hadisələrə baxsaq, Rusiya-Ukrayna münaqişəsi  davam edir, cənub qonşumuz İranla da münasibətlərimiz hələ tam normallaşmayıb. Gürcüstanda da siyasi vəziyyət stabil deyil. Ermənistan bilirsiniz ki, adətinə uyğun bir neçə müstəvidə “oynayır”. Gürcüstan-Rusiya quru sərhədi Yuxarı Lars  gömrük qapısı tərəfdən açıqdır. Pandemiya vaxtında da bu qapı bağlanmamışdı. Rusiyanın Ukraynaya hərbi təcavüzü başlananda nə qədər insan məhz bu qapıdan Gürcüstana daxil oldu. Ruslar, gürcülər, digər millətlərin nümayəndələri. Təkcə bu gömrük postu açıq idi deyə, orada da sıxlıq yarandı, insanlar avtomobillərə, avtomobillər yük maşınlarına qarışdı. İndi də bu qapı hələ ki açıqdır və sizə deyim ki, Ermənistanın Rusiya ilə quru yolu əlaqələri bu qapı vasitəsilə həyata keçirilir. Bu sərhəd qapısı bağlansa, Ermənistan daha da zəlil duruma düşəcək. Son hadisələr zamanı Ukraynadan bu keçid vasitəsilə Gürcüstan ərazisinə keçənlər də çox oldu.  Gürcüstan məcbur oldu bir müddət keçidləri məhdudlaşdırmağa. Çünki ölkəyə axın çoxalır, nəzarət imkanları azalır. İndi təsəvvür edin ki, əgər Azərbaycan tərəfi Gürcüstanla quru sərhədləri açmış olsaydı, vəziyyət necə mürəkkəb ola bilərdi. Məcburi köçkünlər, qaçqınlar ordusu ölkəyə axışacaqdı. Bir var dövlət öz vətəndaşlarını, soydaşlarımızı münaqişə bölgəsindən qayda-qanunla təxliyə edir, bir də var, münaqişə və müharibə zonasından insanlar hansısa ölkəyə kütləvi axın edir. Bu yöndən baxanda deməli, Azərbaycan hökuməti Gürcüstanla quru sərhədləri elə əvvəldən bağlamaqla doğru qərar verib. Vəziyyət hazırda sabit deyil. Qeyri-müəyyəndir. Ona görə də hesab edirəm ki, quru sərhədlərin açılması geosiyasi vəziyyətdən birbaşa asılıdır. Uyğun şərait nə zaman yaransa, quru sərhədləri də o zaman açılacaq. Mümkündür ki, COP29 bitdikdən sonra bu məsələyə baxılsın. Yenə də bunun üçün geosiyasi vəziyyətin uyğunluğu əsas olacaq.