Sentyabrda da istilər olacaq -Ekoloqdan ŞOK PROQNOZ

Bakının havası həmişə belə olub, sadəcə, hazırda isti hava insanlara daha çox əziyyət verir, bunun da səbəbləri var
 
 
 Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, istidən şikayətlənsək də, bu, əsl Bakı, tipik avqust havasıdır:
- Nəyə görəsə bəzən insanlara elə gəlir ki, avqustda sərinlik olmalıdır. Niyə? Avqust yayın 3-cü ayıdır və astronomik yay fəsli sentyabrın 22-dək davam edir. Sentyabrda da isti havalar müşahidə edilə bilər. Mülayim hava Bakı və Abşeronda, yayın müəyyən günlərində də müşahidə edilir. Bakının iqlimi küləkli olduğuna görə bir neçə gün davam edən qızmar istilər sonra sərin hava ilə əvəzlənir, küləkli günlər başlayır. Mülayim, sərin havalar sentyabrın 10-15-dən sonra hakim mövqe tutur. İndi avqustun sonları, Bakı və Abşeronda ən isti hava olan günlərdir. Bakının havası həmişə belə olub. Sadəcə, hazırda isti hava insanlara daha çox əziyyət verir, isti insanlara daha çox təsir edir. Bunun da səbəbləri var. Birincisi, Bakıda əhali son 20-30 ildə həddindən artıq artıb. Nəqliyyat da artıb. Əhalinin böyük faizi işçi təbəqəyə aiddir. İsti havada işə getmək, ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətindədirlər, odur ki, istini daha çox hiss edirlər, açıq havada çox olduqlarından temperatur yüksəkliyi insanları narahat edir. Digər səbəb şəhərdəki hədsiz sıxlıqdır. Hündür, şüşə binalar çoxdur, bu da ətrafa əlavə istiliyin yayılmasına səbəb olur. Binalar sıx tikildiyindən hava sirkulyasiya etmir deyə sərinlik yaranmır.  Şəhərdə yaşıllıqlar azdır, kölgəlik də azdır. Binalar günbəgün artır, ağaclarsa azalır. Belə şəraitdə əlbəttə, sərinlik olmayacaq, nəfəs almaq çətinləşəcək.

 Ənvər Əliyev yaxın günlərdə havanın sərinləşəcəyini istisna etmədi:

- Bakının havası oynaqdı. Ola bilər ki, 2-3 gündən sonra sərinlik yaransın. Şimaldan gələn soyuq hava kütlələrinin təsiri altında temperaturda enmələr olsun. Ümumiyyətlə, avqustun 6-dan sonra iqlimdə dəyişiklik baş verir. Bu, sırf astronomik hadisədir. Bizdən cənub-şərqdə, üfüqdən o qədər də yüksək olmayan “quyruqlu ulduz” görünür. Buna el arasında “quyruq doğdu” deyirlər. Bundan sonra gecələr havanın sərinləşməsi başlayır. Çünki gündüzlər yavaş-yavaş qısalmağa, gecələrsə uzanmağa başlayır. Bu astronomik hadisə payız gecə-gündüz bərabərliyinə qədər davam edir, payızın gəlişi ilə artıq gündüzlər daha da qısalır, gecələr daha da uzanır.  Avqustun 6-dan etibarən gecələr hava sərinləşməliydi. Amma bu il bir az gecikmə var. Bakının havası atmosfer təzyiqinin aşağı və ya yuxarı olmasından da asılıdır. Rütubət də öz təsirini göstərir. Rütubət çox olduqda isti daha çox hiss olunur, diskomfort yaradır. Qlobal iqlim dəyişikliyi isə insan amili ilə bağlıdır. İspaniya, İtaliya istidən “yanır”, Almaniyanı sel-su aparıb. Şimal yarımkürəsində yağıntılar, leysan yağışları hakimdir. Yer kürəsində iqlim dəyişkiliyi periodik olaraq hər 50-70 ildən bir baş verir.