Hökümət avtobus sərnişin daşıma probleminin birdəfəlik həllinə qərar verib -RƏY

"2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub".
Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib.
Nazir əlavə edib ki, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb:
"Biz 100 kilometr mikromobil zolaqların çəkilməsini nəzərdə tutmuşuq. 160 ədəd elektrikli avtobus ölkəyə gətirilib. Bunların sayı artırılacaq".                

Nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a söyləyib ki, tədbirlərdən göründüyü kimi, hökümət avtobus sərnişin daşıma probleminin birdəfəlik həllinə qərar verib: 
           
"Qeyd edim ki, elektrik mühərrikli avtobuslar ekologiyanı qoruyur, havanı çirkləndirmir. Digər avtobuslardan fərqli olaraq gün ərzində yanacaqdoldurma məntəqələrinə girmə ehtimalı sıfıra bərabərdir. Bir sözlə, üstünlükləri çoxdur. Həmçinin, aldığım xəbərlərə görə, bunun üçün sahibkarlara 150 min manat subsidiya ayrılıb. Bu da sevindirici qərardır. Yeni trolebusların istifadəyə verilməsi və şəraitin yaradılması əlavə perspektiv vəd edir. Həmçinin, ölkəyə dvidentlər gətirə bilər. Bunu sərnişinlərin gediş-gəlişini, məmnunluğunu təmin etmək üçün bir addım kimi hesab etmək olar. Ona görə də birgə işlər aparılarsa, yaxşı nəticələr almaq mümkündür".