Elnur Rüstəmov: Qadınların soyuq silaha əl atmasındakı artım cəmiyyət üçün siqnaldır

Bakının Suraxanı rayonunda qadın 43 yaşlı kişini bıçaqlayıb.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə məscidinin yanında yerləşən evdə 1981-ci il təvəllüdlü Abbasov Amil Tərlan oğlu həyat yoldaşı ilə mübahisə edib.
Mübahisə zamanı qadın ərini bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.


Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov “Sherg.az”a bildirib ki, Son dövrlərdə qadınlar tərəfindən zorakılıq və soyuq silahlara əl atma hallarında müşahidə edilən artım cəmiyyət və psixologiya üçün ciddi bir siqnaldır:

“Bu vəziyyətin köklərini araşdırmaq üçün psixoloji və sosial faktorları nəzərə almaq lazımdır. Qeyd edim ki, müasir cəmiyyətdə qadınların ailə və iş həyatında daha çox məsuliyyət daşıması, bəzən onları ağır emosional yüklə üz-üzə qoyur. Bu yüklər də dözümsüzlük və aqressiyaya gətirib çıxara bilir. Digər tərəfdən cəmiyyətdə gender ayrı-seçkiliyi və bəzən qadınların hüquqlarının pozulması, onların özlərini haqsızlıq qurbanı kimi hiss etmələrinə səbəb olur ki, bu da özünü aqressiv reaksiyalarla büruzə verir.
Məsələnin psixoloji tərəflərinə gəldikdə qeyd etmək istərdim ki, günümüzdə ailədaxili problemlər və iş yükü qadınlarda stress səviyyəsini artırır. Bu da zamanla onlarda emosional partlayışlara səbəb olur. Onu da qeyd edim ki, zorakılıq qurbanı olan qadınlar tez-tez özlərini qorumaq üçün aqressiv davranış nümayiş etdirə bilirlər.
Son dövrlərdə insanların bir-birinə qarşı tolerantlığının azalması qadınlar da daxil olmaqla hər kəsin emosional reaksiyalarında aqressiyanı artırır. Dözümsüzlük sindromu burada əsas faktorlardan biridir. Qadınlar bəzən emosiyalarını idarə edə bilmədikləri üçün kiçik problemlərə belə aqressiv cavab verə bilirlər. Bunun artmasında media və sosial şəbəkələr də böyük rol oynayır. Belə ki, qadınlar arasında zorakılığı təşviq edən və ya normal göstərən məzmunların yayılması aqressiv davranışların artmasına səbəb olur. Ona görə də bu cür halların qarşısını almaq üçün bir çox preventiv tədbirlər görmək lazımdır. Belə ki, qadınlar üçün fərdi və qrup terapiyalarının təşviq edilməsi, stress idarəetmə təlimlərinin keçirilməsi vacibdir. Aqressiyanın psixoloji və sosial təsirləri ilə bağlı maarifləndirici layihələr hazırlanmalıdır və sosial mediada yayılmalıdır.  Eləcə də ailə və cəmiyyət səviyyəsində qadınlara daha çox dəstək göstərilməlidir. Bu tendensiyanı azaltmaq üçün cəmiyyət olaraq qadınların problemlərinə daha həssas yanaşmaq və onların psixoloji rifahını yaxşılaşdırmaq üçün birgə addımlar atmaq lazımdır”.