Atasından Hökümə ilə bağlı çəkiləcək filmə REAKSİYA

2024-cü il dekabrın 25-də Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin stüardessası Hökumə Əliyevanın həyatından bəhs edəcək yeni filmin çəkilişlərinə başlanılıb. Filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, ssenari müəllifi, rejissor Ziya Şıxlinski, operatoru ittifaqın İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Adil Abbasovdur.
Qeyd edək ki, Hökumə Əliyeva, xidmət etdiyi təyyarədə sərnişinlərin həyatını qorumaq üçün göstərdiyi şücaətə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Hökümə Əliyevanın atası Cəlil Alıyev "Sherg.az"a qızının həyatı haqqında film çəkilməsi təşəbbüsünü müsbət qiymətləndirdiyini deyib:
"Mənə də qızımın həyatı ilə bağlı filmin çəkiləcəyini deyiblər. Ailə üzvü kimi bizdə filmin çəkilişlərində iştirak edəcəyik. Qızımla fəxr edirəm. O öz adını tarixə yazdı. Hökümə kimi xanımlar dünyaya tez-tez gəlmir".

C.Alıyev deyib ki, Hökümə sag olsaydı bu il doktoranturanı da bitirəcəydi:

"Hökumə 1991-ci ildə Kəlbəcərdə anadan olub. 1993-cü ildə erməni işğalına görə yer dəyişmişik. 1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşamışıq. Sonra Gəncə şəhərinə köçmüşük. Orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Bakalavrı bitirdikdən sonra, magistr və doktorantura təhsili alıb".