Aliment birbaşa uşağın şəxsi və toxunulmaz hüququdur - Sosioloqdan İZAH

  • Uşağın hüquqları razılaşma ilə aradan qalxmır

Ali Məhkəmə konkret məhkəmə işini nümunə göstərərək, valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid qərar qəbul edib. Nümunə kimi göstərilən işdə boşanmaq istəyən cütlüyün 11 yaşlı övladı olub. Məhkəmə nikahı pozarkən, atanın uşaq yetkinlik yaşına çatana qədər aliment ödəməsi barədə qərar çıxarıb. Lakin sonradan keçmiş ər-arvad aralarında mediasiya sazişi bağlayıblar.

Razılaşmaya əsasən, ata valideynlik hüququndan məhrum edilməsinə etiraz etməyəcəyini, ana isə bunun əvəzində atadan aliment tələb etməkdən imtina edəcəyini bildirib. Ali Məhkəmə bu nümunəni əsas gətirməklə bəyan edib ki, valideynlik hüququ yalnız şəxsi maraqlara xidmət etmir. Bu hüquqlar, ilk növbədə, uşağın Konstitusiya, Ailə Məcəlləsi və beynəlxalq müqavilələrlə qorunan üstün mənafeyini təmin etmək məqsədi daşıyır. Mülki Məcəllənin 194.3-cü maddəsinə görə, aliment tələbi şəxsiyyət kimi birbaşa uşağın ilə bağlı olduğundan başqasına güzəşt edilə bilməz. Habelə Məcəllənin 545.0.5-ci maddəsi aliment öhdəliklərinin başqa bir tələblə əvəz edilməsini qəti şəkildə qadağan edir. 

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Sherg.az-a bildirib ki, uşaq valideynlər arasındakı mübahisənin tərəfi və ya “razılaşma predmeti” ola bilməz:

“Valideynlik hüququ valideynin şəxsi istəyi ilə alınıb-satılan və aliment öhdəliyinin əvəzində imtina edilən hüquq deyil. Burada əsas meyar valideynlərin marağı yox, uşağın üstün mənafeyidir. Sosioloji baxımdan, bu qərar ailə münasibətlərində uşağın müstəqil sosial-hüquqi subyekt olduğunu göstərir. Boşanma zamanı ər-arvad arasındakı münasibətlər bitsə də, onların valideynlik statusu avtomatik olaraq aradan qalxmır. Çünki valideynlik yalnız iki yetkin insan arasındakı münasibət deyil, uşağın emosional inkişafı, tərbiyəsi və şəxsiyyətinin formalaşması ilə bağlı sosial institutdur. Burada çox mühüm bir məqam var. Uşağın təminatı ilə valideynlik hüququ bir-birinin qarşılığı deyil. Yəni, ata “məni valideynlik hüququndan məhrum edin, əvəzində aliment ödəməyim” deyə bilməz”. 

Sosioloqun sözlərinə görə, aliment birbaşa uşağın şəxsi və toxunulmaz hüququdur:

“Valideynlik isə həm hüquq, həm də məsuliyyətdir. Valideynin öz məsuliyyətindən imtina etməsi, uşağın hüquqlarını aradan qaldırmır. Sosial-hüquqi baxımdan, Ali Məhkəmənin yanaşması onu göstərir ki, məhkəmə valideynlərin razılaşmasını formal şəkildə təsdiqləməməli, həmin razılaşmanın uşağın maraqlarına uyğun olub-olmadığını araşdırmalıdır. Əgər valideynlərin bağladığı mediasiya sazişi uşağın hüquqlarını zəiflədirdisə, belə razılaşma hüquqi baxımdan qəbul edilə bilməz. Boşanma, aliment, və valideynlik hüquqları ilə bağlı qərarlarda uşağın mənafeyi əsas meyar olmalıdır. Digər tərəfdən, valideynlik hüququndan məhrumetmə cəza vasitəsi kimi istifadə edilə bilməz. Bu, valideynliyi, valideynin təbii məsuliyyətini heç də aradan qaldırmır. Yəni, qərar valideynlik hüququnu məhdudlaşdırsa belə, irsi-genetik, mənəvi-psixoloji bağlılıq, birbaşa nəsil varisliyi dəyişmir”.

N.Niftəliyev qeyd edib ki, valideylər arasında alimentlə bağlı mübahisə və tərəflərdən birinin digərinə qarşı narazılığı valideynlik hüququndan məhrumetmə üçün əsas ola bilməz:

“Bu, yalnız qanunda nəzərdə tutulan ciddi əsaslar olduqda və uşağın mənafeyinin qorunması üçün zəruri sayıldıqda mümkündür. Müasir ailə modelində boşanma ailənin bütün sosial funksiyalarının tamamilə başa çatması anlamını daşımır. Başqa sözlə, ər-arvad münasibəti boşanma ilə bitə bitsə də, valideyn-uşaq münasibəti davam etməlidir. Boşanma prosesindən sonra tərəflərin şəxsi ziddiyyətlərini uşağın psixologiyasına və gələcəyinə daşımamaları həm hüquqi, həm də mühüm sosial məsuliyyət tələb edir. Bu qərar həmçinin göstərir ki, mediasiya təşkilatı proses zamanı ciddi hüquqi pozuntuya yol verib. Əslində, məqsəd sadəcə tərəfləri razılaşdırmaq deyil, uşağın mənafeyinə uyğun razılaşma yaratmaqdan ibarət olmalıdır. Atanın maddi imkansızlığı, aliment ödəyəcək halda olmaması onu valideynlikdən məhrum etməyə qətiyyən əsas vermir. Ali Məhkəmə müvafiq qərarı qəbul etməkdə tam haqlıdır. Çünki iki valideynin belə razılaşması uşağın valideyn seçimində hüquqi norma kimi götürülə bilməz. Eyni zamanda, atanın da aliment ödəyə bilməməsini səbəb göstərərək, valideynlikdən bu tərzdə imtinası qəbuledilməzdir. Bu proses mediasiyanın əsasını təşkil edən uzlaşma və razılaşma prinsiplərinin heç birinə uyğun gəlmir".