- Sosial şəbəkələrdə "dırnaqarası" ulduzların işıqlı, təmtəraqlı və "xoşbəxt" həyatı təbliğ olunur
Gün keçdikcə sosial şəbəkələrdə qeyri-etik çıxışları özünə peşə edənlərin sayı çoxalır. Maraqlısı odur ki, tanınmış siyasətçilərin, politoloqların canlı yayımlarını izləyənlərin sayı 100 nəfəri keçmədiyi halda, özünə belə hörmət etməyən "blogerlər"in baxış sayı milyonları ötür.
Onların arasında elələri də var ki, öz abır-həyalarını itirdikləri azmış kimi, bunu cəmiyyətə də aşılayırlar. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarır. Tiktokda yayılan daha bir video sosial şəbəkələrdəki özbaşınalığı üst pilləyə daşıyıb. Özünü ana hesab edən "bloger"lərdən biri oğlu ilə birgə canlı yayım açaraq, uşağın qaşını necə aldığını və saçını nə tərzdə rəngləyəcəyini danışıb. O, elə tərzdə danışır ki, sanki qarşısındakı övladı oğlan deyil, qızdır. Bu azmış kimi, canlı yayımda "Oğlun Bayram Nurluya oxşayır" şərhini yazan izifadəçiyə cavabında, Allaha əl açıb yalvararaq: "Kaş ki, Bayram Nurluya oxşayıb anasını yağın-balın içində yaşadardı", - sözləri ilə çıxış edib. Görünür, bu ana rahat yaşamağın ən doğru yolunu oğlunun mənəvi dəyərlərini qurban verməkdə görür.
Bəs hansı psixoloji amillər insanı bu vəziyyətə gətirib çıxara bilər?
Mövzu ilə bağlı psixoloq Elmir Əkbər Sherg.az-a bildirib ki, hazırda insanların əksəriyyəti yalnız pul və gəlir əldə etmək barədə düşünür:
“Artıq onlar pulu və sərvəti namusdan üstün tutmağa başlayıblar. Nəyin bahasına olursa-olsun, yalnız gəlir əldə etmək prinsipini rəhbər tuturlar. Burada sosial şəbəkələr üzərindən aparılan antireklam kampaniyasının da rolu çox böyükdür. Çünki sosial şəbəkələrdə "dırnaqarası" ulduzların işıqlı, təmtəraqlı və "xoşbəxt" həyatı təbliğ olunur. Ən təhlükəlisi isə budur ki, insanlara bu “xoşbəxtliyə” aparan yolun mənəvi dəyərləri tapdalamaqdan keçdiyi təlqin edilir. Kim daha çox həddi aşır, mənəviyyatdan uzaq davranış nümayiş etdirirsə, sanki onun qazancının daha çox olacağı təəssüratı yaradılır. Təbii ki, iradəsi zəif olanlar, xüsusilə də yeniyetmələr və uşaqlar bunun təsiri altına düşürlər. İnanmazsınız, yeniyetmə pasiyentlərimin çoxu "mən böyüyüb “influencer” olub, pullar qazanacağam" deyərək, özlərinin gələcəyini yalnız bunda görürlər. Məhz bu fakt vəziyyətin acınacaqlı olduğunu göstərir”.
Psixoloqun sözlərinə görə, sosial şəbəkələrdə dələduzluq və fırıldaqçılıq halları kritik həddə çatıb:
“Meydanda dırnaqarası psixoloqlar, yalançı həkimlər tüğyan edir. Hələ ana və ata adına ləkə gətirən valideynlərdən danışmıram. Təəssüf ki, hər övlad dünyaya gətirən də valideyn adına layiq ola bilmir. Məsələn, valideynlik məsuliyyətini dərk etməyənlər əvvəllər övladlarını birbaşa oğurluq, dələduzluq və ya əxlaqsızlığa sürükləyirdilərsə, indi bu prosesi məhz sosial şəbəkələr vasitəsilə həyata keçirirlər. Yəni sosial media etik çərçivələri tapdalayan, mənəviyyatı amansızcasına istismar edən şəxslər üçün rahat fəaliyyət meydanına çevrilib. Sosial medianı bu cür tör-töküntülərdən təmizləmək üçün qaydalar sərtləşdirilməli və onlara qarşı müvafiq tədbirlər görülməlidir. Hər şeyi insanların öz şəxsi mənəviyyatına həvalə edə bilmərik. Çünki belə olan halda başqa bir nəticə gözləmək mümkün deyil. Acı reallıq göz qabağındadır”.