“Bir daha bu qapıdan içəri girməyəcək...” - Polad Həşimovun anası göz yaşları içində "Şərq"ə danışdı

  •  “Məcburi köçkünləri torpaqlarına mən qaytaracağam” deyirdi
  • “Poladım mənə "ana" deyə səslənməyəcək, amma xalqın qəlbində yaşayır”
  • “Onun daxili dünyasını heç kim tam tanımayıb”
  • "Gənclərimiz şəhidlərimizi heç vaxt unutmasınlar. Çünki bu torpaqlar onların qəhrəmanlığı və canı bahasına qorunub"

2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov xalqına vətəninə olan sədaqəti, yüksək peşəkarlığı və əsgərləri ilə eyni səngəri bölüşən nümunəvi bir komandir kimi xalqımızın yaddaşında əbədi iz qoymuş qəhrəmanlardandır. Polad Həşimov 6 aylıq olarkən ailəsi Sumqayıt şəhərinə köçmüşdür.

Polad Həşimov I Qarabağ müharibəsində, Aprel döyüşlərində şücaətlə iştirak etmişdir. O, 2020-ci il 14 iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş, göstərdiyi igidlik və fədakarlıq ilə Azərbaycan xalqının qürur mənbəyinə çevrilmişdir. Polad Həşimovun şəhadəti xalqı dərindən sarsıtmış, vətənpərvərlik ruhunun daha da güclənməsinə təkan vermişdir. Onun şəhadəti ilə xalq ayağa qalxmış və nəhayətində 44 günlük Vətən müharibəsi qələbə ilə sona çatmışdır.

Bu dəfə yolumuz qəhrəman generalın doğma ocağına düşdü. Anası Səmayə Həşimova ilə söhbətimizdə Polad Həşimovun uşaqlıq illərinə, həyat yoluna, Vətən sevgisinə və bu gün də xalqın qəlbində yaşayan əziz xatirəsinə birlikdə nəzər saldıq. Sherg.az müsahibəni təqdim edir…

- Səmayə xanım, Polad Həşimovu bir general kimi fərqləndirən onun hərbi bacarığı idi, yoxsa insani keyfiyyətləri? Bəlkə o, hər iki xüsusiyyəti öz şəxsiyyətində vəhdət halında birləşdirən nadir insanlardan idi?

- Polad Həşimov əsgərləri ilə eyni səngəri, eyni çətinliyi bölüşən komandir olub. Əlbəttə, onun hərbi bacarığı yüksək idi. Çünki işini ürəkdən sevirdi, hər bir tapşırığa böyük məsuliyyətlə yanaşırdı. Amma düşünürəm ki, onu fərqləndirən ən mühüm cəhət məhz insani keyfiyyətləri idi. Sadəliyi, təvazökarlığı, qayğıkeşliyi və insanlara olan humanist münasibətiydi. Məhz buna görə həm əsgərlərinin, həm də onu tanıyan insanların böyük hörmətini və sevgisini qazanmışdı.

- Bəzən deyirlər ki, insan ya qəhrəman və vətənpərvər doğulur, ya da tərbiyə onu belə yetişdirir. Bir qəhrəman anası kimi siz bu fikirlərdən hansını qəbul edirsiniz?

- Məncə, vətənpərvərlik həm insanın qanında olmalıdır, həm də ailədə düzgün tərbiyə ilə formalaşdırılmalıdır. Bu hiss yalnız sözlə yaranmır, uşağın böyüdüyü mühitdə, aldığı tərbiyəylə , valideynlərinin aşıladığı dəyərlərlə inkişaf edir. Poladda da hər ikisi vardı. O, Vətən sevgisini ürəyində daşıyırdı, biz də valideyn olaraq ona vətəni sevməyi, torpağa bağlı olmağı aşılamışdıq. Düşünürəm ki, onun qəhrəmanlığının , vətənpərvərliyinin təməlində bu dəyərlərin həm qanında, canında olması, həm də verdiyimiz tərbiyə dayanırdı.

– Səmayə xanım, bildiyimə görə, siz oğlunuzun hərbçi olmasını istəməmisiniz. Bəs necə oldu ki, Polad Həşimov sizi bu qərarı ilə razı sala bildi?

- Polad çox çalışqan, savadlı və son dərəcə intizamlı övlad idi. O, hüquqşünaslıq ixtisasına qəbul olmaq üçün hazırlaşırdı və mən də həmişə onun hüquqşünas olmasını arzulayırdım. Bu peşəni çox sevirdim. Hələ balaca olanda başını sığallayaraq deyirdim: “Mənim ağıllı balam, gələcəyin hüquqşünası olacaq.” O da mənim bu arzumla böyüyürdü və qəbul imtahanlarına həmin istiqamətdə hazırlaşırdı.Məktəbdə keçirilən valideyn iclaslarına həmişə gedirdim. Müəllimləri mənə deyirdilər: “Səmayə xanım, sizin gəlməyinizə ehtiyac yoxdur. Polad həm dərslərində, həm də davranışında nümunəvi şagirddir, onun haqqında heç bir iradımız yoxdur.” Xüsusilə tarix müəllimi - Habil müəllim onu çox sevirdi. Həmişə deyirdi: “Poladı ürəyimi yarıb içinə qoyaram.” Bu sözlər onun müəllimlərinin Polada olan böyük sevgisinin ifadəsi idi.Bir gün, onuncu sinifdə oxuduğu vaxt – həmin dövrdə ölkədə vəziyyət kifayət qədər gərgin idi – evə gəlib dedi: “Ana, Habil müəllim deyir ki, orduda peşəkar zabitlərə ehtiyac var. Mən də Vətənimi qorumaq üçün hərbiçi olmaq istəyirəm.” Açığını deyim ki, mən bu qərarla razılaşmadım. Hərbçi peşəsinin nə qədər ağır və məsuliyyətli olduğunu bilirdim və bir ana kimi onun bu yolu seçməsini istəmirdim. O isə mənə dedi: “Ana, əvvəlcə hərbi məktəbin imtahanını verəcəyəm, hüquqşünaslığın imtahanı isə sonra olacaq.” Tale elə gətirdi ki, hərbi məktəbə qəbul olundu və həyat yolunu hərbçi kimi davam etdirdi. Mən ana olaraq bu peşənin bütün çətinliklərini anlayırdım, amma sonradan gördüm ki, Polad məhz ürəyinin səsinə qulaq asaraq bu yolu seçmişdi.

-Polad Həşimovun ictimaiyyətə çox məlum olmayan, lakin sizin hər kəsin bilməsini istədiyiniz hansısa xüsusiyyəti və ya arzusu varmı?

- Əslində, Poladın daxili dünyasını tam mənası ilə heç kim tanımayıb. O, çox düşüncəli insan idi. Vətən, xalq haqqında elə arzuları vardı ki, onların bir çoxunu biz də bilmirdik. Hər sözünün arxasında böyük məna dayanırdı. Onun ən böyük arzularından biri məcburi köçkün soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması idi. Tez-tez deyirdi: “Ana, o insanları öz doğma torpaqlarına mən qaytaracağam. Bunu mütləq edəcəyəm.” Bu sözlər onun vətənə sonsuz sevgisindən, xalqa olan bağlılığından qaynaqlanırdı.

Polad uşaqlıqdan vətənpərvər böyümüşdü. 1988–1989-cu illərdə Sumqayıtda baş verən hadisələrdən sonra şəhərə sovet ordusunun hərbçiləri yerləşdirilmişdi. Həmin dövrdə vəziyyət gərgin olduğundan işə gedərkən uşaqlara həmişə tapşırırdım ki, evdən bayıra çıxmasınlar. Ataları işdən qayıdana qədər dərslərini oxusunlar. Çünki ataları saat 5də uzağı 6nın yarısı evə çatırdı. Gələn kimi bir-bir hamısının dərslərini soruşurdu, sual-cavab edirdi. Amma Polad marağına, vətənə olan sevgisinə qalib gələ bilmirdi. Gizlicə həyətə çıxır, rus əsgərlərinə baxır, onların niyə burada olduqlarını, məqsədlərinin nə olduğunu anlamağa çalışırdı. Hələ uşaq yaşlarından ölkədə baş verən hadisələrə bu qədər həssas yanaşması onun gələcək xarakterindən xəbər verirdi.

Polad çox həssas, obyektiv, təmkinli və qayğıkeş insan idi. Evdə təsadüfən sınan hər hansı bir əşyanı elə ustalıqla təmir edirdi ki, sanki peşəkar usta işləyib. Təmizkarlığı isə hər kəsə nümunə idi. Xidmətdən evə yoldaşları ilə birlikdə gələndə onların geyimləri və ayaqqabıları palçıq içində olurdu, amma Poladın geyimi həmişə səliqəli və təmiz qalırdı. O, həm xidmətində, həm də gündəlik həyatında nizam-intizama və səliqəyə xüsusi önəm verən insan idi.

- Polad Həşimovun şəhidlik zirvəsinə ucalmasından sonra xalq ayağa qalxdı. Minlərlə insan Vətən uğrunda döyüşməyə hazır olduğunu nümayiş etdirdi. Ardınca 44 günlük Vətən müharibəsi başlandı və ordumuz tarixi Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Həmin günlərdə bir qəhrəman anası olaraq hansı hissləri yaşayırdınız?

- Bəli, Poladın şəhadətindən sonra xalq ayağa qalxdı. Mən bunu öz gözlərimlə gördüm. Gənclər Vətən uğrunda döyüşmək istəyirdilər. Ordumuz böyük qəhrəmanlıq göstərdi, igid oğullarımız torpaqlarımızı azad etdilər.

Müharibə günlərində tez-tez videogörüntülər yayılırdı. Əsgərlərimiz döyüş texnikasının, topların, hətta azad olunan yaşayış məntəqələrindəki darvaza və divarların üzərinə Poladın adını yazırdılar. Bu mənzərəni görəndə anlayırdım ki, bu xalqın Polada olan sevgisinin və ehtiramının ifadəsidir. O günlərdə keçirdiyim hissləri bu gün də sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bir ana üçün bunları yaşamaq çox ağırdır. Həm oğlumun yoxluğunun ağrısını yaşayırdım, həm də onun adının əsgərlərimizə ruh yüksəkliyi verdiyini görürdüm. Hər qələbə xəbəri mənə həm qürur, həm də dərin kədər yaşadırdı...

 (Bu məqamda Səmayə xanım kövrəlir, divarda asılan Polad Həşimovun şəklinə baxır və göz yaşlarını saxlaya bilmir və otaqda bir müddət sakitlik hökm sürür.)

- Dəyərli Səmayə xanım, bu gün Sumqayıtda yerləşən eviniz artıq təkcə bir ailənin evi deyil, Azərbaycanın dörd bir yanından gələn insanların ziyarət ünvanına, vətənpərvərlik ruhunun yaşadıldığı müqəddəs məkanlardan birinə çevrilib. (Otaqdakı Polad Həşimovun xatirəsinə yaradılmış guşəni göstərərək.) Burada gördüyümüz hər bir əşya xalqın Polad Həşimova olan sonsuz sevgisinin və ehtiramının təzahürüdür. Bütün bunlar sizin üçün nə ifadə edir?

- Bəli, bu gün bu evi hər kəsə tanıdan mənim oğlum Poladdır. Şəhadətindən altı il keçməsinə baxmayaraq, evimizin qapısı demək olar ki, hər gün ziyarətçilərin üzünə açılır. Azərbaycanın müxtəlif bölgələrindən insanlar Poladımın xatirəsini yad etmək üçün buraya gəlirlər. Bir ana kimi bu, mənim üçün çox böyük təsəllidir. Çünki görürəm ki, oğlum unudulmur, xalqımız onu sevgi və ehtiramla xatırlayır,xatirəsini yaşadır. Əlbəttə, bilirəm ki, Poladım bir daha bu qapıdan içəri girməyəcək, bir daha mənə "ana" deyə səslənməyəcək... Amma onun xalqın qəlbində yaşadığını görmək sizin kimi gənclərin ona olan sevgisi mənə təsəlli verir...

(Bu sözləri deyərkən Səmayə xanım kövrəlir. Göz yaşları sözlərini tamamlamasına imkan vermir. Otaqda bir neçə anlıq sükut hökm sürür.)

-Səmayə xanım, şəhid valideynlərinin əksəriyyəti övlad itkisi ilə barışmağın mümkünsüz olduğunu deyirlər. Bu, həqiqətən də çox ağır bir taledir. Siz Polad Həşimovun yoxluğunu daha çox hansı anlarda hiss edirsiniz və bu həsrətlə necə təsəlli tapırsınız?

- Heç bir şəhid valideynini qınamaq olmaz. Övlad itkisi insanın yaşaya biləcəyi ən ağır dərddir. Mən də Polada hər zaman ehtiyac duyuram. Kaş ki, yanımda olaydı, yenə mənə "ana" deyə səslənəydi. Amma bilirəm ki, Polad da, bütün qəhrəman şəhidlərimiz də artıq geri qayıtmayacaq. Biz şəhid analarına təsəlli verən ən böyük amil onların xatirəsinin əbədi yaşadılması, xalqımız tərəfindən unudulmaması və gələcək nəsillərə tanıdılmasıdır. Şəhidlər yaşadıqca, onların ailələri də mənəvi dayaq tapır.

- Son olaraq valideynlərə və xüsusilə gənc nəslə demək istədiyiniz fikirlər varmı?

- Bütün valideynlərə tövsiyəm odur ki, övladlarını düzgün tərbiyə etsinlər, onlara Vətən sevgisini, dövlətə bağlılığı və milli-mənəvi dəyərləri aşılasınlar. Gənclərimiz isə şəhidlərimizi heç vaxt unutmasınlar. Çünki bu torpaqlar onların qəhrəmanlığı və canı bahasına qorunub. Şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur. Mənim demək istədiyim ən vacib söz budur…

Səmayə xanımın son sözlərindən sonra otağa dərin bir sükut hakim oldu. Əlimdəki qeyd dəftərini asta-asta bağlayıb ona tərəf baxdım. Baxışları divardan asılmış Polad Həşimovun portretində donub qalmışdı. Portretin altında düzülmüş orden və medallar, hərbi geyim, şəxsi əşyalar və illərin xatirələrini yaşadan rəsimlər sanki sözsüz və kəlməsiz bir ömür salnaməsini danışırdı. Həmin an bir daha anladım ki, şəhidlik bir qəhramanın sonu deyil, xalqın qəlbində və yaddaşında başlayan şərəfli əbədiyyətdir. Polad Həşimov kimi qəhrəmanlar yalnız ailələrinin deyil, bütün Azərbaycanın övladlarıdır. Onlar xalqın qəlbində, milli yaddaşında və müstəqil Azərbaycanın şanlı tarixində əbədi yaşayacaqlar !

                      Şəhidlik zirvəsi bir əbədiyyət,

                      Unutmaz qəhrəmanı bəşəriyyət.

                      Tarixə həkk oldu bu şanlı zəfər, 

                      Şəhidlər bəxş etdi bizə qalibiyyət.

Nəcəf Nəcəfov,

 Bakı Slavyan Universiteti, jurnalistika fakültəsi