Azərbaycan-Özbəkistan müqaviləsi “Şuşa Bəyannaməsi” qədər önəmlidir - Deputat

  • Bakı-Daşkənd oxunun görünməyən tərəfində daha böyük coğrafiya var

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında münasibətlərin yeni mərhələyə keçidini nümayiş etdirən mühüm siyasi hadisə ilə yadda qaldı. Səfər çərçivəsində keçirilən görüşlər və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclası zamanı iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil, mədəniyyət və digər istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edildi. Daşkənddə bir sıra mühüm sənədlərin imzalanması ilə yanaşı, Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması ikitərəfli münasibətlərin hüquqi-siyasi əsaslarının daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdı. Bu sənəd 2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə formalaşan strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev də Azərbaycan və Özbəkistanın artıq rəsmi müttəfiq olduğunu vurğulayıb. Səfər çərçivəsində həyata keçirilən layihələr, imzalanan sənədlər və verilən siyasi mesajlar göstərir ki, Bakı-Daşkənd əlaqələri yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də Türk dünyasında iqtisadi, nəqliyyat və strateji inteqrasiyanın gücləndirilməsi baxımından mühüm perspektivlər vəd edir.

Milət vəkili Sahib Alıyev Sherg.az-a bildirib ki, eyni ölkəyə çox qısa aralıqla, cəmi iki il sonra növbəti dövlət səfəri beynəlxalq təcrübədə az rast gəlinən haldır:

“ Eyni zamanda, qarşılıqlı dövlət səfərlərinin nəticəsi olaraq sadəcə bir il ərzində əlaqələrin dərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılması da təəccüb doğurmasa da, heç də tez-tez baş vermir. Təəccüb doğurmamasını səbəbi isə budur ki, qardaş ölkələrimizin həm liderləri, həm də xalqları arasında bir-birinə böyük rəğbət, ailə səmimiyyəti var. Həmçinin hədəf və strateji baxış da tam üst-üstə düşür. Bax bu rəğbətin, səmimiyyətin və əlbəttə, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın nəticəsidir ki, dövlətlərimizin başçıları indi də "Əbədi Dostluq haqda Müqavilə" imzaladılar. Özbəkistan Azərbaycanın belə bir müqavilə imzaladığı ilk dövlətdir. Əslində bu, elə Özbəkistanın özünə də aiddir. Baxmayaraq ki, hələ 1997-ci ildən onunla Qazaxıstan və Qırğızıstan arasında belə bir müqavilə mövcuddur. Amma Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında imzalanan "Əbədi dostluq haqqında Müqavilə", birincisi, üçtərəfli – "minilateral" sənəd idi. İkincisi, Mərkəzi Asiyanın bu üç respublikası həmin müqaviləni imzalayarkən sərhəd, su ehtiyatlarının bölüşdürülməsi və regional təhlükəsizlik məsələlərində yarana biləcək münaqişənin qarşısını almaq niyyəti güdürdülər. Yəni, belə demək mümkündürsə, bu, daha çox müdafiə, ilk növbədə də bir-birindən müdafiə xarakterli anlaşmaydı. Burada detallara varmadan təəssüflə onu da qeyd edim ki, həmin o üçtərəfli müqavilədə nəzərdə tutulanlar elə ancaq kağız üzərində qaldı, bəzi lazımsız qarşıdurmalardan qaçmaq mümkün olmadı”. 

Parlamentari qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında imzalanan ikitərəfli sənəddir, proaktiv, təşəbbüskar və diqtəedici mahiyyət daşıyır:

“ Bununla belə, onu da qeyd etməliyik ki, 1997-ci ildə tərəflərin hədəfi regionla məhdudlaşırdısa, 2026-cı il müqaviləsinin hədəfi trans-regional və qlobaldır. Ümumiyyətlə, Azərbaycanla Özbəkistan arasında imzalanan "Əbədi Dostluq haqda Müqavilə"sinin  türk dünyası üçün "Şuşa Bəyannaməsi" qədər önəmli olduğu düşüncəsindəyəm. Arzum isə budur ki, bu sənədin təsir gücü tarixdə əbədi dostluq haqda ilk müqavilə sayılandan daha uzunömürlü, yəni elə əbədi olsun. O müqavilə isə 1373-cü ildə İngiltərə Krallığı ilə Portuqaliya arasında imzalanıb və hələ də qüvvədədir. Yeri gəlmişkən, görürəm Qərbdə bəzi analitiklər iki qardaş ölkə arasındakı son müqaviləyə əsaslanaraq öz şərhlərində "Transxəzər strateji tandemi", "Bakı-Daşkənd geosiyasi oxu" ifadələrini işlədirlər. Yuxarıda qeyd olunanları xatırlatmaqla mən isə düşünürəm ki, bu, aysberqin görünən tərəfinə baxılaraq verilən qiymətdir; görünməyən tərəfində daha böyük coğrafiya və ox var”.