“Əli və Nino” kitab şəbəkəsi fəaliyyətini dayandırmayıb - Nigar Köçərli

Azərbaycanda kitab mağazaları şəbəkəsi “Əli Və Nino Qrup” MMC ləğv olunduğunu elan edib.

Şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir və qanuni təmsilçisi Qəzənfər Abbasovdur.

Sherg.az xəbər verir ki, “Əli və Nino” kitab şəbəkəsinin rəhbəri Nigar Köçərli yayılan məlumatlara aydınlıq gətirib.

O,  “Əli və Nino” kitab şəbəkəsinin fəaliyyətini davam etdirdiyini deyib: " Sosial şəbəkələrdə “Əli və Nino” kitab şəbəkəsinin fəaliyyətini dayandırması ilə bağlı müxtəlif məlumatlar yayılıb. Kitab şəbəkəsi fəaliyyətini davam etdirir və kitabsevərlərin xidmətindədir.

Hər hansı bağlanmadan söhbət gedə bilməz.  Yayılan məlumatlar VÖEN-in bağlanması ilə bağlıdır".

N. Köçərli qeyd edib ki, şirkətin rəsmi hüquqi adı “Əli və Nino Yayım MMC”-dir. Ləğv olunan VÖEN isə əvvəlki VÖEN olub: " “Əvvəllər biz hər yeni mağaza üçün yeni bir VÖEN yaradır və onunla fəaliyyət göstərirdik. 2015-ci ildən etibarən isə bütün mağazalarımızı vahid bir VÖEN ilə idarə etmək qərarına gəldik. Beləliklə, köhnə VÖEN-lərin ləğvi prosesinə başladıq. VÖEN-in ləğvi prosesi uzun çəkən əməliyyat olduğundan zaman-zaman bununla bağlı yanlış məlumatlar yayılır. Dediyim kimi biz fəaliyyətimizi davam etdiririk və yolunuzu gözləyirik”.

MMC rəhbəri paylaşımının sonunda sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı yumorla qeyd edib: “Beynimdə “ilişən” bir məqam var. Qəzənfər kimdir? Bu vaxta qədər özümü şirkət sahibi zənn edirdim, demə, hər şey Qəzənfərin imiş.”