Hər iki yeniyetmədən biri sosiofobiyadan əziyyət çəkir - Psixoloqdan hökumətə ÇAĞIRIŞ

  • "Dövlət ödənişsiz yay düşərgələri yaratmasa, uşaqların assosiallığı daha da artacaq"

İnsanların fəaliyyət sahəsi artdıqca, yeni fənnlər və elm sahələri ortaya çıxır. Müasir dövrdə məktəb dərsliklərinin ağırlığı və fənlərin çoxluğu zamanın tələbi ilə uyğunlaşmağa çalışsa da, uşaqların zehni yorğunluğuna səbəb olur. Elə bu səbəbdəndir ki, 15 iyundan 15 sentyabra qədər yay tətili verilir. Verilən fasilə, adı üstündə, istirahət üçün nəzərdə tutulub.

Əfsuslar olsun ki, sosial bərabərsizlik və ailələrin maddi imkanları bu istirahəti bütün yeniyetmələr üçün əlçatan etmir. Bir çox uşaq yayı sadəcə evdə, inkişafetdirici mühitdən kənarda keçirmək məcburiyyətində qalır. Məsələn, sovet dövründə Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən pioner düşərgələri fəaliyyət göstərirdi. Sosial layihə uşaqların il ərzində toplanan fiziki və zehni yorğunluğunu aradan qaldırmaq, onların sağlam yetişməsini təmin etmək məqsədi daşıyırdı. Lakin hazırda bununla bağlı dövlət səviyyəsində vahid proqram təşkil olunmayıb. Bu məqamda belə bir sual ortaya çıxır: Bütün yayı sosial mühitdən təcrid olunmuş yeniyetmə təhsil prosesinə qayıtdıqda zehni yorğunluğu üzərindən ata biləcəkmi?

Mövzu ilə bağlı psixoloq Elmir Əkbər Sherg.az-a bildirib ki, bir müddət bundan qabaq müəyyən nazirliklərin maliyyələşdirdiyi xüsusi düşərgələr fəaliyyət göstərirdi:

"Amma bu imkandan yalnız həmin qurumların əməkdaşlarının uşaqları yararlana bilirdi. Əslində, bu layihə valideynlərin sosial statusundan və tutduğu vəzifədən asılı olmayaraq, bütün ailələrin uşaqlarına şamil olunmalıdır. Sizə bir sirrin üstünü açacam. Çox adam elə bilir ki, təkcə oxumaqla intellekti artırmaq mümkündür. Bu qətiyyən belə deyil. Bizim psixofiziologiyamız elə qurulub ki, fiziki aktivlik, incəsənət, musiqi, rəqs və bədii ədəbiyyat mütaliəsi insanın zəka imkanlarının inkişafına akademik təhsildən daha çox təkan verir. Bu gün demək olar ki, hər iki yeniyetmədən birinin sosiofobiyadan əziyyət çəkdiyini, ünsiyyət və sosiallaşma baxımından ciddi problemlərlə üzləşdiyini görürük. Bu cür psixoemosional fəsadlar və sosial adaptasiya çətinlikləri uşaqların fiziki hərəkətlilikdən və həmyaşıdları ilə birbaşa interaksiyadan təcrid olunmasının nəticəsidir”. 

Psixoloqun sözlərinə görə, hökumət yeniyetmələrin assosiallığını aradan qaldırmaq üçün ödənişsiz layihələr həyata keçirməlidir:

“Hamı bilir ki, Bakı kəndlərində bu cür düşərgələrin infrastruktur qalıqları hələ də baxımsız və istifadəsiz vəziyyətdədir. Müvafiq layihə və maliyyə dəstəyi ilə həmin binaları bərpa edərək yenidən istismara vermək mümkündür. Əhalinin sovet sisteminə bəslədiyi rəğbətin təməlində duran əsas amillərdən biri də uşaq yaşlarından sosiallaşma mühitlərində dövlətə və kollektivə bağlılıq hissinin aşılanması idi. Qaldırdığınız məsələ son dərəcə aktualdır. Əgər bu mövzuya diqqət cəlb olunsa, çox müsbət nəticələr əldə etmək olar”.