- "... Ancaq, hesab edirən ki, şərait yaransa, oraya, doğma yurduna köçmək istəyənlər olacaq"
- "Ermənistan səfərə getməzdən əvvəl, mən Heydər Əliyevlə görüşüb, tapşırıqlarını almışdım. O, mənə tapşırmışdı ki..."
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Dilicanda işgüzar görüşü Ermənistanda da müzakirə mövzusuna çevrilib. Bu səfərin Birinci Qarabağ müharibəsindən sonra yüksək vəzifəli Azərbaycan rəsmisinin Dilicana ilk səfəri olmadığını vurğulayan erməni ekspert Voskan Sərkisyan illər əvvəl Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun Ermənistana səfərini xatırladıb.
Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, Sərkisyanın sözlərinə görə, 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri olmuş Misir Mərdanov 2001-ci ildə beynəlxalq konfrans çərçivəsində İrəvana gəlib, daha sonra doğulduğu Dilican bölgəsinin Salah (Ağavnavank) kəndini ziyarət edib. Ekspert həmin səfərin təfərrüatlarından, Mərdanovun ata evinə və məktəbinə baş çəkməsindən, eləcə də ailəsinə məxsus evin sonrakı taleyindən bəhs edib.
Səfər xatirələrini Sherg.az-la bölüşən sabiq təhsil naziri Misir Mərdanov söyləyib ki, Ermənistana 2001-ci ildə, təhsil naziri vəzifəsində işləyərkən gedib:
-Ermənistanın Dərəçiçək deyilən ərazisində istirahət mərkəzində UNICEF təşkilatının tədbir keçirilirdi. Məqsəd isə Qafqaz ölkələrinin təhsil nazirlərini görüşdürmək idi. O tədbirlə bağlı getmişdim. Biz əvvəlcə Tiflisə getdik. Tiflisdəndən Gürcüstanın komandasının maşını ilə getdik Sadaxlı kəndinə. Orada Ermənistan nümayəndələri bizi qarşıladı. Getdik Dərəçiçəyə. Dərəçiçəkdə bir gecə qaldıq, konfransda iştirak elədik. Səfərə getməzdən əvvəl, mən dövlətimizin başçısı, Ümummilli lider Heydər Əliyevlə görüşüb, tapşırıqlarını almışdım. O, mənə tapşırmışdı ki, “sən orada doğulmusan, orada oxumusan, orada məktəbə getmisən. Öyrən ki, sadə ermənilərin fikri nədir bu hadisələrlə bağlı”. O zaman xatırlayıram ki, ümummilli lider problemi xalq diplomatiyası yolu ilə həll etmək istəyirdi. Mənə də belə bir tapşırıq verdi.
Sabiq nazir qeyd edib ki, konfransdan sonra onları İrəvana aparıblar:
“İrəvanda mən, Ermənistanın baş naziri ilə, Ermənistan Ali Sovetinin sədri ilə, bir də Ermənistanın o zamankı prezidenti Robert Köçəryanla görüşdüm. Onlar mənə belə söylədilər ki, "biz bilirik, siz burada anadan olmuş adamısınız, nə istəyiniz var?". Mən də dedim ki, mən istəyərdim ki, şərait yaradsınlar, kəndimizə gedəm. İrəvandan bizim kəndimizə təxminən 130 kilometr məsafə var. İrəvanla kəndimizin arasında Sevan gölü, Dilican şəhəri və Darlıq körpüsü var. Darlıq körpüsündən kəndimizə 10 kilometr məsafədir. Əlbəttə, yollar əvvəlkilərdən fərqli olaraq çox bərbad vəziyyətdə idi. Yəni əvvəlki sovet dövründə olan yollar deyildi. Hiss olunurdu ki, baxımsız qalıb. Əhalinin sayı da çox az idi. Bizim evimizdə də qoca erməni kişisi ilə qadını yaşayırdı. Getdim evimizə. Əlbəttə, çox çətin idi. Anadan olub, doğulub, böyüyüb, başa çatdığım bir evə indi qonaq kimi gedirdim. Həyətimizdə bir az gəzdim. Sonra həyətdən bir torba torpaq, bulağımızdan bir qab su götürdüm. Kəndi çox gəzmək imkanım olmadı. Ancaq kəndin çıxışında maşını saxladım, xudahafizləşmək üçün. Kəndin sonunda bizdə ev var idi, azərbaycanlıların evi. Mənim olduğum vaxtda bizim kənddə yaşayanların hamısı azərbaycanlılar idi. Ermənilər yaşamırdı. Eyvana erməni xanımlar çıxdılar ki, "satırıq evi, alırsınız?". Bu kənddə inanmıram indi kimsə yaşasın”.
Yenidən şərait yaradılsa, ora getmək istəyərsinizmi? sualına isə M. Mərdanov əlbəttə, getmək istəyərəm söyləyib:
"Mənim nənələrimin, babalarımın, onlardan əvvəlki nəslimizdən olan insanların məzarları oradadır. Onları ziyarət etmək istəyərdim. İndi mənim elə yaşımdır ki, "orada yaşayaram" demək doğru olmaz. Ancaq, hesab edirən ki, şərait yaransa, oraya, doğma yurduna köçmək istəyənlər olacaqdı. Ancaq bunun üçün müəyyən zamana ehtiyac var”.