Meyxanaçı Rəşad Dağlının əfv olunacağına dair xəbərlər dolaşır. Qeyd edilir ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Rəşad Dağlının əfvi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.
Məlumatı dəqiqləşdirmək üçün N.Cəfəroğlu ilə əlaqə saxladıq.
N.Cəfəroğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, o, əfv fərmanı barədə ümumi fikir bildirib:
- Məndən Əfv fərmanı barədə soruşdular, dedim ki, müraciət etmişik böyük Əfv olsun, siyasi məhbus hesab edilənlər, jurnalistlər, media nümayəndələri də əfv edilsin. Soruşdular ki, Rəşad Dağlı da əfvə düşə bilər? Cavab verdim ki, Əfv fərmanı imzalananda çox adam əfvə düşür, siyasilər də, başqaları da, o cümlədən Rəşad Dağlı da əfvə düşə bilər. Bir də bizə bir məktub gəlib Rəşad adında oğlanın adı orada var, cəzaçəkmə müddəti az qalıb, dedim o da düşə bilər. Mən meyxanaçı Rəşad Dağlı haqqında heç nə bilmirdim, amma indi hamı hay-küy salıb ki Rəşad Dağlının adı əfv siyahısındadır.
N.Cəfəroğlu qeyd etdi ki, Əfv fərmanının kimlərə şamil olunacağı Əf Komissiyasından asılıdır:
- Əfv Komissiyası əraziləri araşdırır, ümumi fikrə gəlinərək siyahı tərtib olunur və Prezidentə təqdim edilir. Cənab Prezidentin müstəsna səlahiyyətindədir Əfv fərmanının imzalanması və kimlərə şamil olunacağı. Biz hüquq müdafiəçisi olaraq həmişə ilk nöbvədə xəstə, yaşlı, əlil, cəzasının böyük hissəsini çəkmiş məhbusların adlarını tərtib etdiyimiz siyahıya daxil edirik. Bizim mövqeyimiz cəmiyyətdə konsensusa, həmrəyliyə nail olmaqdır həmişə.