- "Biz tarixi qələbəmizi, bu qələbəni bizə bəxş edən şəhidlərimizi peşəkar, intellektual səviyyədə təbliğ etməli, tanıtmalıyıq"
Şuşa qayalarında şəhid adlarının yazılması olayına cəmiyyətin reaksiyası sərt oldu. O qayalar mübarək şəhid qanına boyanıb, əlavə rəngə nə ehtiyac?!. Tarixi məkanlara kənar müdaxilə isə yolverilməzdir. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Sherg.az-a açıqlamasında ictimaiyyətin belə məsələlərə həssas yanaşmalı olduğunu dedi:

- Kampaniyaçılığın heç zaman tərəfdarı olmamışam. Amma Şuşaya səfər edənlərin tarixi abidələrə ziyan vurmaq cəhdi qəbulolunmazdır. Şuşa və ətrafı ümumilikdə tarixi mədəniyyətimizin simvoludur. Belə maddi və mənəvi resurslar qorunmaqla bərabər, tariximizin, zəngin keçmişimizin yaddaşı kimi təqdim olunmalıdır. Ümumiyyətlə, həm yerli, həm də xarici turistlərlə bağlı maarifləndirici tədbirlərin sayı və keyfiyyəti artmalıdır. Görünür bu sahədə ciddi problemlər var. Müxtəlif vaxtlarda müxtəlif məkanlara, gözəl meşə massivlərinə səfər edən bir çox insanlar özlərindən sonra həmin əraziləri çirkli hala salırlar. Çirkli hal yumşaq ifadədir. Qənaətimcə, istər ətraf aləmə, istərsə də tarixi abidələrə məsuliyyətsiz yanaşılıb ziyan vurulmasına qarşı qanuni tələblər olmalıdır və bu qaydaları pozanlar da sərt cəzalanmalıdır. Şəhidlərimiz hər birimiz üçün əzizdir. Onların qəhrəmanlığı, döyüş yolu cəmiyyətə, yetişməkdə olan nəsillərə örnəkdir və tanıdılmalıdır. Bu yolda yalnız potensialı olan şəxslər sözünü deməlidir. Yəni naşılıq, savadsız yanaşma təbliğat işlərinə ziyan vurar. Nəhayət şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün peşəkar səviyyədə sənədli filmlərin çəkilişi, kitabların yazılışı, tədbirlərin təşkili artmalıdır. Bu işlər şəhid adını qayaya yazmaqla bitmir. Bu, ən primitiv üsuldur. Biz tarixi qələbəmizi, bu qələbəni bizə bəxş edən şəhidlərimizi peşəkar, intellektual səviyyədə təbliğ etməli, tanıtmalıyıq.