Nadir Qocabəyli bu xeyriyyə modelini tam istisna etdi
Məhəllələrdəki mini-marketlərdə nisyə dəftərlərindəki borcların bəzən naməlum şəxslər tərəfindən ödənməsi haqda son zamanlar məlumatlar yayılır. Bunun nə dərəcədə həqiqət olduğu isə dəqiq bilnmir. Kimlərsə bu barədə yazır, paylaşım edir, amma konkret nə yer, nə məkan, nə də həmin şəxslərin kimliyi bilinmir. Bu xeyirxah əməl sahibləri kimliklərini gizli saxlayır, mağaza sahibindən də bu barədə kimsəyə məlumat verməməsini xahiş edirlər. Ola bilər, borcları ödəyənlər “sağ əlin verdiyini sol əl bilməməlidir” fəlsəfəsindən çıxış edir. Bəlkə də aztəminatlı, kasıb vətəndaşı özlərinə minnətçi etmək istəmirlər və bu hərəkətlərini yalnız Allah rizası üçün edirlər. Belə hal, həqiqitən varsa, baş verirsə, xoş halımıza. Demək, xalqımız xeyirxahlıq hissini, yaman gündə olana əl tutmaq xüsusiyyətini itirməyib.
Yazıçı, tərcüməçi Nadir Qocabəyli isə “naməlum xeyirxah” senarisinin siyasi texnologiya ola biləcəyini istisna etmir. “Sherg.az”a açıqlamasında N.Qocabəyli fikrini belə izah etdi:
- Əvvəla onu bildirim ki, bu mövzu ilk dəfə Türkiyədə, daha dəqiqi hansısa türk serialında zühur edib və çox güman ki hansısa siyasi texnoloqlar bundan istifadə etməyə qərar veriblər. Təbii ki, əvvəlcə Türkiyədə. İkincisi, bu məsələnin həyati əsası, reallığı bəs nə qədərdir? Əlbəttə, mümkündür ki, haçansa, hansısa romantik təbiətli bir adam əlinə bir qədər pul keçdiyi üçün bunu edib. O adam yüz faiz dindar olub. Çünki dinimizə görə gərək sağ əlin verdiyini sol əl bilməsin. Bununla belə, etdiyi yardımı reklam edən müsəlmanların sayı etməyənlərdən qat-qat çoxdur. Səbəbi də odur ki, bütün insanlar təbiət etibarilə eqodur, özlərini şüuraltı olaraq dünyanın mərkəzi, Allahın özü (ənəlhəq), təcəllası sayırlar. Bu da, mənə görə, normaldır. Çünki bu cür yaradılmışıq və bunda heç bir rolumuz yoxdur. Amma konspirativliyə meyil edənlər də var. Azdır, amma var. Onlar düşünür ki, balıq bilməsə də, Xalıq biləcək. Yəni yaxşılığın əvəzini Allah hökmən bir gün verəcək. Ancaq şəxsən mən nisyə dəftərlərini kütləvi şəkildə bağlamağa girişən adamların varlığına inanmadım. Çünki onlar nə qədər gizli qalmağa çalışsalar da, indiki şəraitdə bunu bacarmazdılar. Ona görə ki, maliyyə məsələsi hazırda bütün dünyada çox ciddidir. Haradansa aldığın və xərclədiyin, bəlkə də, min manatı gizli saxlaya bilərsən, amma bundan artığı mümkün deyil. Heç o min manatı da gizlədə bilməzsən, sadəcə fikir verməzlər. Üstəlik, agentura şəbəkəsi də yaxşı işləyir. Əgər həyətində bir təndir qoymağından, evinin qabağına artırma əlavə etməyindən yerli qurumlar anında xəbər tutursa, məhəllədəki nisyə dəftərinin bağlanması da gizli qala bilməz. O adamı dərhal aşkar edib, "haradandır, necə qazanmısan, sənə kim icazə verib, oğlum?" sualları verilə bilər. Digər tərəfdən, belə şeylər həqiqətən olubsa, ən azı bir kamera qeydi hökmən sosial şəbəkələrə çıxardı. Başqa cür mümkün deyil. Başqa bir məsələ bu işi hansısa məmurun razılıq əsasında edə biləcəyi ehtimalıdır. Ancaq bu da mümkün deyil. Çünki insaflı məmurda o qədər pul olmaz. İnsafsızı isə nisyə dəftəri bağlamaqdansa, elə oğurlamasa, xalqın malını acgözlüklə yeməsə yetər. Yəni belə bir savab iş görən adam zatən vicdanlı, insaflı olmalıdır. Vicdanlı və insaflı adamın isə nisyə dəftərlərini bağlayacaq qədər pulu olmaz. Elələrinə heç pullu vəzifə də vermirlər, versələr də, qazana bilməzlər. Bu işin bəzi məmurlara "yuxarıdan" xüsusi tapşırıldığını da istisna edirəm. Yuxarı bunda niyə maraqlı olsun ki? Təkcə elə vətəndaşlarda nəyəsə müvəqqəti ümid yaratmaq üçün? Sanmıram. Bundansa elə maaşları, pensiyaları qaldırar, uşaqpulu verər, iş yerləri açar da. Həm də bunlar o dərəcədə dargözdür ki, oğurladıqlarının bir faizini belə kasıba qıymazlar. Başqa bir ehtimal bunu hansısa müsəlman ölkələrinə bağlı iş adamlarının, dini sektaların etməsidir. Ancaq bu da müəyyən səbəblərdən istisna olunur. Çünki onlar da özbaşına deyil və bunu icazəsiz edə, gizli tuta bilməzlər.