- "Uşaqlar həm valideyn qayğısını, həm də dövlət himayəsini və təhlükəsizliyini hiss etməlidirlər”
Valideyn himayəsindən məhrum olmuş uşaqların internat məktəblərindən övladlığa götürülmə proseduru sadələşdirildi. Hazırda himayədar valideyn olmaq istəyən şəxslər qeydiyyata alındıqdan sonra 10 iş günü ərzində onlarla müsahibə aparılır və ev şəraitinin uşaq üçün uyğunluğu yoxlanılır.
Bu mərhələni keçən namizədlər ən azı 3 günlük təlimlərə qatılırlar. Artıq vətəndaşların rahatlığı üçün bu təlimlər onlayn formatda da təşkil olunacaq. Təlimi uğurla bitirənlər üçün uyğun uşağın seçilməsi müddəti 7 iş günündən 5 iş gününə endirilib. Yeniliklər sayəsində, uşağın himayədar ailəyə verilməsi prosesi cəmi 2 həftəyə başa çatır. Himayədar ailə modeli valideynsiz qalan uşaqların müəssisələrdə deyil, ailə mühitində böyüməsinə xidmət edir. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövr ərzində 87 uşaq himayədar ailəyə verilib.
Bəs bu dəyişikliklər praktikada nə dərəcədə effektiv olacaq?
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Sherg.az-a bildirib ki, valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsi prosesinin sadələşdirilməsi müsbət addımdır:
“Bu addım valideyn himayəsindən məhrum qalan uşaqların ailələrə inteqrasiya prosesini sürətləndirir. Prosedurun sadələşdirilməsi övlad sahibi ola bilməyən şəxsləri də övladlıq götürməyə təşviq edir. Müddətin 7 gündən 5 günə endirilməsi və qərarların onlayn qəbulu əlavə bürokratiyanı aradan qaldırır, eləcə də resurslara qənaət edir. Heç kimə sirr deyil ki, sənədləşmə prosesi çox vaxt aparırdı. Vətəndaşlar mürəkkəb prosedurlar səbəbindən çətinlik çəkirdilər. Onlayn qiymətləndirmə, şəxsi məlumatların dəqiqliyi, eləcə də dövlət qurumlarının şəffaflığı təmin etməsi (şəxsi kabinetlərə, bank hesablarına və dövlət xidmətlərinə rahat çıxış) rasional qərarların verilməsinə zəmin yaradır. Valideyn himayəsini itirmiş şəxslərin uşaq evləri və internatlardan ailələrə təhvil verilməsi sağlam vətəndaş modelinin formalaşması baxımından da mühüm əhəmiyyət kəsb edir. Sadələşdirmə davam etdirilməli, qaydalar daha şəffaf şəkildə tətbiq olunmalıdır”.
Sosioloqun sözlərinə görə asanlıq, əlçatanlıq nəzarət və məsuliyyəti azaltmayacaq:
“Əksinə, şəxslərin məsuliyyət hissini artıracaq. Bu, həm övladlığa götürülən uşaqların gələcəyinə dair nikbin gözləntilər formalaşdırır, həm də internatdakı uşaqların ailələrə inteqrasiyası vasitəsilə cəmiyyətdə sosial ədaləti və bərabərliyi möhkəmləndirir. Prosesin təkmilləşdirilməsi sosial xidmət və proqramların spektrinin genişləndirilməsini tələb edir. Eyni zamanda, əlavə bürokratik əngəllər aradan qaldırılmalı və ailələrə sosial işçilər təhkim edilməlidir. Dövlət himayədar ailələrə maliyyə vəsaiti ayırdığı və müvafiq xərcləri qarşıladığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzarət mexanizmlərini operativ saxlamalı, hüquq pozuntularının və sui-istifadə hallarının qarşısını almalıdır. Uşaqlar həm valideyn qayğısını, həm də dövlət himayəsini və təhlükəsizliyini hiss etməlidirlər”.