“Bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur”
“Lakin ölkəmizdə belə qiymət artımı olur, bu bahalaşma dövlət orqanlarının yaratdığı durumdur”
Dünən Yel çərşənbəsini də yola saldıq. Artıq sonuncu çərşənbə və Novruz bayramına sayılı günlər qalıb. Dolayısı ilə bayram bazarlığının vaxtı da yetişib. Hər il Novruz bayramı ərəfəsində ölkədə bəzi qida məhsullarının, çərəzlərin qiymətində bahalaşma olur.
Builki qiymət artımı Parlamentdə də müzakirə mövzusu olub. Millət vəkili Əli Məsimli Parlamentin dünənki iclasında bildirib ki, istəyirəm Azərbaycan əhalisinin bütün təbəqələri bayram süfrəsi aça bilsin
Deputat bildirib ki, bütün dünyada bayramlar zamanı qiymətlər düşür:
“Bizdə isə əksinədir. Dünyada qiymətləri aşağı salanlar itirmirlər, əksinə qazanırlar. Ona görə də Azərbaycanda da buna son qoymaq lazımdır. Dünya təcrübəsini artıq biz də tətbiq etməliyik. İqtisadi azadlıqları genişləndirməklə ölkədə məhsul bolluğu yaratmalıyıq. Ən əsası monopoliyaya son qoyulmalı, bəzi işbazların fəaliyyətinin qarşısı alınmalıdır. Novruz bayramı ərəfəsində qiymətlərin yenidən artırılmasının qarşısı alınmalıdır”.
Mövcud durumla bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, bütün vətəndaşların normal bayram süfrəsi açması üçün bu istiqamətdə hökümət real addımlar atmalıdır:
“Adətən Azərbaycanda deputat və müxtəlif məmurlar, həmçinin ictimaiyyətin digər nümayəndləri ölkə başçısı hansısa məsələyə toxunduqdan sonra az qala növbəyə durub fikir səsləndirirlər. Son günlər Prezident monopoliyanın zərərli olması barədə danışdıqdan sonra bu tipli mesajlar çoxalır. Təəssüf ki, insanlar ancaq nəticə haqqında danışırlar, səbəb göstərilmir.
Səbəb isə çox sadədədir: Azərbaycan iqtisadiyyatı demək olar ki, monopoliyadadır. Məmur sahibkarlığının yaratdığı monopoliyadır. Nə qədər ki, bu səbəb aradan qaldırılmayıb, rəqabət mühiti formalaşdırılmayacaq, qiymətlərdən şikayətçi olacağıq. Ona görə də bəziləri “monopoliya zərərlidir” dedikdə elə düşünürlər ki, ortabab monopolistlər sıradan çıxarılmalı və böyük monopolistlər qalmalıdır. Əslində belə fikirlər təbliğ olunur və müxtəlif deputatların çıxışlarında bu yanaşma daha çox yer alır.
Amma bazar tələb-təklif üzərində qurulmalıdır. Əslində heç bir sahibkar süni qiymət artımı yaratmır. Bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur. Lakin ölkəmizdə belə qiymət artımı olur, bu bahalaşma dövlət orqanlarının yaratdığı durumdur.
Necə ki, dövlət şirkətləri kommunal taarifləri müəyyən edərkən illər boyu zərərlə işləyirlər və çoxmilyardlıq vəsaitini ildən-ilə investisiyalı layihələr kimi həyata keçirirlər. Onlar maya dəyərini şişirdirlər, nəticədə vətəndaşlar daha çox vəsait ödəməli olurlar. Necə ki, ilin əvvəlində dizel yanacığının, sonra da su taarifinin qiymətinin artımı oldu.
Azərbaycan idxaldan asılı ölkədir. Gömrük Komitəsi ölkəyə gələn məhsulların əksəriyyətinə demək olar ki, bütövlükdə süni qiymət artımı tətbiq edir. Yəni bəyannamə qiymətlərini şişirdirlər və sahibkarın gətirdiyi qiymətləri qəbul etmirlər.
Beləliklə, məhsullarda bahalaşma meydana gəlir. Bu da bütün vətəndaşlara təsir göstərir”.
İqtisadçı bahalaşmanın qarşını almaq üçün alternativ çıxış yollarını da sadalayıb:
“Hökumət dövlət idarəçiliyindəki xərcləri azaltmalı, mobil hökümətə keçməlidir. Bir-birini təkrar edən və yaxud eyni funksiyaları daşıyan qurumlar ləğv olunmalıdır. Dövlət qurumları sahibkarlıq fəaliyyəti ilə məşğul olmamalıdırlar.
Sahibkarlıq subyektlərinin azad fəaliyyət göstərməsi üçün onların əli-qolu açılmalıdır. Eyni zamanda lisenziya və icazələrin alınması asanlaşdırılmalıdır. Bu istiqamətdə addımlar atılır, ancaq yetərli deyil. Bir sözlə məmur sahibkarlığı ləğv olunmalıdır. Məmurlar gəlir və əmlak deklarasiyasını verməlidirlər.
Media azadlığı təmin edilməli, məhkəmə müstəqil olmalıdır. Belə işlər kompleks şəkildə həyata keçirilmədikdə hər kəs ölkədə qiymət artımından şikayətlənəcək. Bu səbəblər aradan qalxmayınca problemlər həllini tapan deyil”.