
Professor: “İlanların yaşayış məntəqələrinə gəlməsi tikintinin və yaşıllıqların azalmasının nəticəsidir”
05:37 21.05.2025
Cəmiyyət
354
İnsanlara düşmən deyillər, özlərini qorumağa çalışırlar
Zəhərli kürzə ilanlar Azərbaycanda azdır, amma diqqətli olmaq şərtdir
Bir neçə gün əvvəl Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində avtomobillərin mühərrik hissəsinə ilan girməsi ilə bağlı məlumat yayılmışdı. Oxşar hadisə yenidən təkrarlanıb – bu dəfə Əhmədlidə.
Sosial şəbəkələrdə yayılan görüntü və məlumatlara görə, həyət evlərindən birinə təxminən 1 metr uzunluğunda ağ rəngli ilan daxil olub.
Bildirilir ki, ilan avtomobilin altında gizlənib və ev sakinlərini təşvişə salıb.
Evin sahibi müxtəlif qurumlarla əlaqə saxlamasına baxmayaraq, iddialara görə, heç bir rəsmi instansiya məsuliyyəti üzərinə götürməyib.
Mütəxəssislər hesab edirlər ki, bu cür halların artması şəhərdə əhali sıxlığı və tikinti sahələrinin genişlənməsi ilə əlaqədardır. Onların fikrincə, urbanizasiya nəticəsində təbii yaşayış mühitləri daralan canlılar insan məskənlərinə doğru yönəlməyə başlayır.
Qeyd edək ki, son illər paytaxtda ilanların yaşayış sahələrinə daxil olması ilə bağlı oxşar hadisələrin sayı artmaqdadır.
AMEA Zoologiya İnstitutunun əməkdaşı, quru onurğalıları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərovun açıqlamasına görə, Bakı şəhərinin mərkəzi hissəsi belə heyvanların mövcudluğu üçün təbii mühit deyil: “Bura antropogenləşmiş, tamamilə şəhər tipli ərazidir. Belə yerlərdə bəzi xüsusi sürünənlərə, məsələn, ilan və kərtənkələlərə rast gəlinməsi nadir hallarda mümkündür. Xüsusilə ilanlara şəhər mühitində yalnız təsadüfən rast gəlinə bilər. Bu da əsasən müxtəlif vasitələrlə, məsələn, tikinti işləri zamanı baş verir. Tikinti ilə bağlı olaraq, ilanların yaşadığı ətraf ərazilərdən qum, daş, müxtəlif tikinti materialları şəhərə gətirilir. Elə maşınlar olur ki, müəyyən vaxtlarda dənizkənarı ərazilərdə və ya ilanların yaşadığı Qobustan kimi yerlərdə qalır. Belə hallarda ilanlar ya gətirilən yüklərə, ya da maşının müxtəlif hissələrinə dolanır. Nəticədə bu ilanlar nəqliyyat vasitələri ilə birlikdə şəhərə gətirilir və tikinti materialları arasında gizlənmiş halda insanlara rast gələ bilərlər”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Sherg.az-a bildirib ki, son illərdə xüsusilə paytaxt Bakıda intensiv tikinti işləri, yaşıllıqların azalması və torpaq sahələrinin məhdudlaşması səbəbindən ilanlar öz təbii yaşam mühitlərini itirir. Nəticədə bu sürünənlər daha sakit və gizlənə biləcəkləri yerlər axtararaq yaşayış məntəqələrinə, bəzən isə evlərin həyətinə və avtomobillərin altına sığınırlar.
Onun sözlərinə görə, yay aylarında ilanların fəallaşması insanlarla təmas ehtimalını artırır və bu zaman ehtiyatlı davranmaq həyati önəm daşıyır:

“İlan sancması nadir hal olsa da, baş verdikdə çox ciddi nəticələrə səbəb ola bilər. Ona görə də əsas məqsəd belə halların qarşısını almaqdır. Maariflənmə və profilaktik tədbirlər bu baxımdan ən təsirli yoldur. Həyət evlərində təmizlik, həyətyanı sahələrdə alaq otlarının təmizlənməsi, tullantıların yığılmaması vacibdir. İlanlar sərin və qaranlıq yerlərə girməyə meyilli olduqları üçün evin ətrafı və avtomobil altları mütəmadi yoxlanmalıdır”.
Professorun fikrincə, ilan sancması baş verərsə, panikaya düşməmək, zərərçəkmişin hərəkətini minimuma endirmək və təcili tibbi yardım çağırmaq əsas şərtlərdir:
“İlan sancdığı yeri kəsmək və ya əmərək zəhəri çıxarmaq təhlükəlidir və tövsiyə olunmur. Əgər mümkünsə, zədələnmiş nahiyə bədən səviyyəsindən aşağıda saxlanmalı və zərərçəkmiş tez bir zamanda xəstəxanaya çatdırılmalıdır. Risk qrupuna aid olan ərazilərdəki tibb məntəqələri zəhər əleyhinə zərdabla təchiz olunmalıdır. Təcili tibbi yardımın çatmasında gecikmə ehtimalını nəzərə alsaq, bu, vaxtında müdaxiləni təmin edə bilər".
A.Qeybulla onu da qeyd edib ki, Azərbaycanda zəhərli ilanların sayı azdır:
''Ən zəhərli ilan gürzədir, lakin antidodları var. Nəticə etibarı ilə xəstənin həyatını xilas etmək mümkündür. İstənilən halda diqqətli olmaq lazımdır. Bu o demək deyil ki, bütün ilanlar məhv edilməlidir. Əksinə, bütün insanlar heyvanlarla iç-içə yaşamalıdır. Bu, biosenozdur. İnsanın rifahına görə flora və faunanı məhv etmək doğru deyil. Ancaq ilanlarla, bir sözlə, bütün heyvanlarla aqressiv yox, düzgün davranmalıyıq. Əgər ilan sancırsa, bu onun özünü qorumaq istəməsindən qaynaqlanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət